Modern.az

Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsait köçürülüb

Dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsait köçürülüb

Aktual

27 İyun 2018, 10:26

2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 milyon manat vəsait ödənilib.

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən (ƏMDK) Modern.az-a verilən məlumata görə, bununla da proqnoz tapşırıq 151,6% yerinə yetirilib. Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib. (proqnoz tapşırıq 114%). Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 milyon manat vəsaitin köçürülüb.

 

Qeyd edilməlidir ki, 2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 milyon (6,2 milyon manat torpaq sahələri üzrə və 1,8 milyon manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulub. Cari ilin ilk 5 ayının faktiki göstəriciləri illik proqnoz tapşırıqlarına tam əməl ediləciyinə şübhə yeri qoymur.

 

Komitə tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 8,7 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Bundan 6,8 milyon manatı (proqnoz tapşırığa nisbətdə 110,0%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 milyon manatı (proqnoz tapşırığın 105%) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olmuşdur ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.

 

Komitə tərəfindən dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı da elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətdən istifadə etməklə onlayn rejimdə icarə haqqı borcunu öyrənmək mümkündür. Xidmətdən istifadə üçün e-emdk.gov.az portalına daxil olmaqla 37-ci bölməyə keçid etmək kifayətdir. Həmin bölmədə “İcarəçinin kodu” xanasına müvafiq kodu daxil etməklə icarə borcu haqqında məlumat əldə edilir. Eyni zamanda vətəndaşların rahatlığı nəzərə alınaraq icarə haqqı borclarının mobil telefon vasitəsi ilə də öyrənilməsi imkanları reallaşdırılıb. Bu məqsədlə, 9193 nömrəsinə icarə haqqı kodu göndərilməklə dərhal icarə borcunu öyrənmək mümkündür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir