““Qarabağ mitinqi”nə icazə verilməsi barədə müraciət məktubunda mitinq iştirakçılarının sayı 10 min nəfər qeyd edilib”.
Bunu Modern.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib. O diqqətə çatdırıb ki, bu təxmini rəqəmdir və mitinq iştirakçılarının sayı az və ya çox ola bilər.
“Biz bütün istiqamətlər də təbliğat işlərimizi davam etdiririk. Bakıda, rayonlarda geniş təbliğat həyata keçirilir. İndiyə qədər bir çox qruplar fərdi şəkildə toplaşıb, bizə müraciət ediblər ki, mitinqdə iştirak edək. Hesab edirəm ki, izdihamlı mitinq olacaq. Mitinq iştirakçılarının sayına diqqəti yönəltmək zərərlidir. Əsas məsələ, münaqişənin həllinin vacibliyinə diqqət çəkmək və bu məsələdə iqtidar, müxalifət birliyinin nümayiş etdirilməsinə nail olmaqdır. Hakimiyyətin mitinqə icazə verməsi, hakimiyyətyönümlü, digər müxalif partiyaların mitinqin əleyhinə olmaması, əks-təbliğat aparılmaması müsbət nəticədir”.
Beynəlxalq təşkilatların da diqqətinin mitinqə cəmləndiyini xatırladan Akif Nağının sözlərinə görə, onlar da müşahidələr aparır, cəmiyyətdəki əhval-ruhiyyə haqqında rəy hazırlayırlar:
“Bütün cəmiyyət mitinqi dəstəklədi, beynəlxalq qurumlar da bunu görür. Bu gün təşkilatların Azərbaycandakı nümayəndəliklərinə müraciət edəcək, onların müşahidəçi qismində iştirakına çalışacağıq.
Uzun müddətdir, belə mitinq keçirilmir, ola bilər, insanlar arasında bir qədər ətalət formalaşsın. İstənilən halda “Qarabağ mitinqi” ciddi oyanış, müsbət addımdır.
Xarici ölkələrdə yaşayan həmvətənlərimiz də bu istiqamətdə addım atırlar. Azərbaycanlılar yaşadıqları ölkədə mitinqlər keçirərək, o ölkələrin hakimiyyətinə təsir etməyə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində irəliləyişə nail olmağa can atırlar”.
Qeyd edək ki, “Qarabağ mitinqi” Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi ilə 2018-ci il sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.