Sentyabrın 27-də Abşeron rayon Xırdalan şəhər 1 nömrəli orta məktəbdə “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatı dəstəyi ilə həyata keçirilir.
S.Cəfərova qeyd edib ki, Birliyin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ildə elan etdiyi ikinci qrant müsabiqəsinin qalibi olub. Layihənin əsas məqsədi, dini radikalizmlə mübarizəyə, dini dəyərlərin təbliğinə dəstək vermək, dini radikalizm və ekstremizmin mahiyyəti və radikal dini cərəyanlar barədə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanları məlumatlandırmaqdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov deyib ki, bu gün İslam coğrafiyasında istər dini yaşamda, istərsə də müxtəlif sosial məsələlərdə fanatizm müşahidə olunur:
“Dünyada baş verən radikallıq da əslində fanatizmin bir növüdür. Bu da dinə ifrat dərəcədə yanaşmadan, dini doğru anlamamaqdan irəli gəlir”.
Onun sözlərinə görə, müasir dövrdə dövlətin, dini icmaların, eləcə də cəmiyyətin hər bir fərdinin başlıca vəzifələrindən biri insanlararası münasibətlərdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində birgəyaşayışının təmin edilməsidir:
“Təbii ki, cəmiyyətdə dözümsüzlük, fanatizm, ekstremizm, bir sözlə radikallıq meyilləri baş qaldırarsa, insanlar arasında münasibətlər kəskinləşər və yeni münaqişə ocaqları yaranar”.
Ü.Məmmədov zərərli dini cərəyanların ölkəmizə ayaq açdıqları dövrdən indiyəqədərki fəaliyyətləri haqda geniş məlumat verərək onların həyatımıza mənfi təsirlərindən danışıb. O vurğulayıb ki, öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya eyni zamanda Azərbaycan üçün təhlükəlidir:
“Dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Belə ünsürlərin təsiri altına düşməmək üçün dini inanclı gənclərimiz ibadətin kimdən öyrənilməsi məsələsində çox diqqətli olmalıdırlar”.
Ü.Məmmədovun sözlərinə əsasən, qeyri-ənənəvi dini cərəyanların yayılmasının İslam dininə, ənənəvi dini dəyərlərə, eyni zamanda cəmiyyətimizə zərərli təsiri var. Bu cərəyanların təsiri altına daha tez gənclərin düşdüyünü qeyd edən Ü.Məmmədov onların milli mənəvi, ənənəvi dini dəyərlərə sadiqlik ruhunda yetişməsində, dini baxışlarının düzgün formalaşmasında müəllimlərin böyük əməyi və rolu olduğunu vurğulayıb:
“İslam dinində ən üstün əməllərdən biri elm öyrənməkdir. Çünki elm insanların səadət və kamala çatma yolunu müəyyənləşdirir. Elm vasitəsilə insanlar öz gələcəklərini istədiyi formada inşa etmək imkanı əldə edir. Peyğəmbərimiz (s) buyurmuşdur: “Allah-Təala daha çox elm öyrənən insanları bəyənər”. Bu ifadə özlüyündə İslamın elm üçün heç bir sərhəd müəyyənləşdirmədiyini, elmin sonunun olmadığını göstərir. Bu baxımdan nə qədər çox elm öyrənilərsə, Allah qatında o qədər savab yazılar. Gənclərimiz də bütün bunları nəzərə alaraq bütün diqqətlərini təhsilə, elm öyrənməyə yönəltməlidirlər”.
Ü.Məmmədov söyləyib ki, bütün dinlər o cümlədən İslam dini də insanları daim sülhə, ədalətə, haqqa çağırır. Dini radikalizmin, din adı altında baş verən silahlı münaqişələrin əslində İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam dini sülh dinidir. Dinimiz bütün insanları elm öyrənməyə, bir-birlərinə qarşı sevgi və ehtiram göstərməyə çağırır. Dini radikalizm kimi mənfi təzahürlərin həqiqi məqsədi İslamı parçalamaq, dinimizin təlqin etdiyi bəşəri dəyərlərə kölgə salmaqdan ibarətdir. Ü.Məmmədovun dediyinə görə, müəyyən təməl dəyərlər var ki, din həmin təməl dəyərlər üzərində dayanıb. Bu dəyərlər də zamanla və ya zamana görə dəyişmir. Sadəcə insanların dinə yanaşmasında ciddi dəyişkliklərə ehtiyac var. Din adına tanınan bəzi inancların dinlə heç bir əlaqəsi yoxdur:
“Dindar mühafizəkar ola bilməz, çünki, din mühafizəkarlıq demək deyil. Din istənilən mənfi tendensiyanın əleyhinədir, eləcə də ilahi dəyərlərə zidd olmayan mütərəqqi milli adətləri də təqdir edir. Din yeniliyi inkar etmir və ona görə də bir orta yol tutularaq həqiqi İslam təbliğ olunmalıdır”. O, həmçinin Azərbaycan xalqının tarixi ictimai-fəlsəfi düşüncəsində dinin yeri və rolu, sahib olduğumuz multikultural və tolerant dəyərləri haqqında geniş məlumat verərək bu dəyərlərin güclü təbliğ olunması ilə zərərli, radikal dini cərəyanlara qarşı effektiv mübarizə aparmağın mümkünlüyünü vurğulayıb: “Dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olmalıdır. Dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur”. Ü.Məmmədov İslam vəhdət və həmrəyliyinə əngəl törədən faktorlar, xüsusilə dini radikalizm və qeyri-ənənəvi dini cərəyanlar, onların təbliğat metodları haqqında da danışıb. Onun sözlərinə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ölkədə dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirilir. Digər aidiyyəti dövlət orqanları ilə birgə ölkədə dini ekstremizm və radikalizm meyillərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparılır. Gənclərin dini fanatizm, radikalizm və ekstremizmə yuvarlanmamaları üçün Komitə tərəfindən "Şəhadət" və “Fitnə” adlı filmlər çəkilib. Burada aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror təşkilatlarına qoşulan şəxslərin faciəli həyatı və torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan mübarizədə şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs edilir. O, filmin nümayişində əsas məqsədin gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaq, eləcə də onlara vətənpərvərlik hissinin aşılanmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi, Abşeron rayon kuratoru Orxan Axundov qeyd edib ki, Azərbaycanın Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Bayraqda olan yaşıl rəng İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir: “Bəzi radikal qrupların nümayəndələri var ki, yaşıl rəngi yuxarıda göstərib bayraqda olan rənglərin düzülüş formasını pozurlar. Bura da əsas məqsəd insanların beynində dini kimliyi milli kimlikdən üstün tutmaq fikri formalaşdırmaqdır. Milli kimlik və müstəqillik birləşəndə dövlət anlayışı yaranır. Əgər dövlət yoxdursa insanlar o dini yaşaya bilməzlər. Azərbaycan bayrağında yaşıl rəngin üçüncü sırada olması isə İslamın pislənməsi anlamı demək deyil”. Abşeron rayon Xırdalan şəhər 1 nömrəli orta məktəbin müəlliməsi Sona Rzayeva isə deyib ki, radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür. Gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün məktəbin, müəllimlərin, valideynlərin də üzərinə böyük məsuliyyət düşür: “Yetişməkdə olan gənc nəslin nümayəndələrinə dinlər haqqında sağlam bilgilər verilməli, dini radikalizm, dini ekstremizm və gələcəkdə din adı altında digər zərərli təbliğatların təsirinə məruz qalmaması üçün mütəmadi olaraq məktəblilərlə məqsədyönlü iş aparılmalıdır”. Tədbirin sonunda Ülvi Məmmədov və Orxan Axundov şagirdləri maraqlandıran sualları cavablandırıb.