"Sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininlərinin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir”. Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı bildirib.
XİN rəhbəri ümidvar olduğunu bildirib ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcək.
Nazir qeyd edib ki, dünyanın bir çox yerində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış qalan münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır: “Azərbaycan əmindir ki, davamlı sülh yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq və qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər.
Son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlığımızı doğurur. Dünyada baş verən bu köçürmələrin ciddi artımı həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə, beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir. Ən çox sayda qaçqınlara sığınacaq verən ölkələrin məhz İƏT-ə üzv olan dövlətlər olduğu üçün kütləvi şəkildə zor gücünə didərgin salınma halları İƏT üçün dərin narahatlıq doğurmalıdır”.
Nazir Azərbaycanın beynəlxalq hüquqa daim hörmətlə yanaşdığını qeyd edib: “Fələstin dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Mən qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin dövlətinin paytaxtı Şərqi Yerusəlimdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir”.