Bu gün səhər saatlarından başlayaraq, paytaxtın bir sıra küçə və prospektlərində, o cümlədən, “Bakı Metropoliteni”nin metrostansiyalarında sıxlıq yaşanıb. Hətta qatarların hərəkətində 4-5 dəqiqəlik interval müşahidə edilib. Sıxlıqda ürəyi sıxılanlar, halı pisləşənlər də olub.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a sıxlıq səbəbilə halı pisləşənlərin olduğunu təsdiqləyib:
“Səhər metronun “Gənclik” stansiyasında 40-45 yaşlarında bir kişinin halı pisləşib. Təcili tibbi yardım çağırılıb və şəxs xəstəxanaya yerləşdirilib”.
O qeyd edib ki, metropoliten həmişəki qrafiklə işləyir:
“Qatarlarda hər hansı texniki nasazlıq baş verməyib. Ümumilikdə qatar “Bakmil”ə gedəndə, yaxud “Bakmil”dən gələndə “Ulduz”-“Həzi Aslanov” stansiyaları arasında interval 2 dəfə artır. “Bakmil”dən qatar gələndə birbaşa “Nərimanov” stansiyasına daxil olur. Bu da iki qatar arasındakı məsafəyə görə ümumi qrafikdə nəzərə alınır.
Olur ki, ardarda iki “Həzi-Aslanov”- “İçərişəhər” yaxud “Həzi Aslanov”-“Dərnəgül” çıxır. Bu, o deməkdir ki, “Bakmil”də iki eyni istiqamətli qatarın arasına “Dərnəgül”ə gedən, yaxud “İçərişəhər”ə gedən qatar daxil olur. Səhər saatlarında qatarların əsas qismi depoda saxlanır. Digər qatarlar depodan “Bakmil”ə, “Bakmil”dən də xəttə buraxılır. Həmin qatarlar xəttə daxil olduqca, ümumi qrafikdə nəzərə alınır.
Yəni qatar “Bakmil”dən “Nərimanov”a daxil olursa, nəzərə almaq lazımdır ki, “Ulduz”dan gələn qatar da “Nərimanov” daxil olmalıdır. İki dəqiqə interval ona görə 4 dəqiqəyə çevilir. Yəni həmin qatar da ümumi qrafikdə olan qatar kimi nəzərə alınır”.