Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu tanınmış təhsil eksperti Etibar Əliyevin onu gopçuluqda ittiham etməsinə cavab verib.
Modern.az-ın məlumatına görə, ADP sədri Sərdar Cəlaloğlu təhsil eksperti Etibar Əliyevin özünün “Facebook” hesabında ona qarşı yazdıqlarını belə şərh edib:
“Əvvəla mən akademik Azad Mirzəcanzadənin 90 illiyi ilə bağlı elə söz deməmişəm. Mən həmin yübley tədbirində ancaq Azad müəllimin Azərbaycan elminə xidmətlərindən danışmışam. Özünü təhsil eksperti kimi cəmiyyətə tanıtdıran Etibar Əliyev mənim 3 il bundan əvvəl dediyim sözlə bu tədbirdə danışdığımı qarışdırır. O adamın başı ancaq spirtli içki içməyə qarışıb. Yadında saxlaya bilmir ki, mən nə vaxt hansı sözü demişəm. Məsləhət görürəm ki, Etibar Əliyev özünün ayıq vaxtında araşdırma aparsın, mən belə söz demişəm, yoxsa yox. Özünüz də maraqlana bilərsiniz ki, mən Azad müəllimin 90 illik yübleyində özüm barədə nəsə danışmışammı? Yox”.
Sərdar Cəlaloğlu deyib ki, Etibar Əliyevin ona qarşı qərəzli mövqeyi var:
“3-4 il bundan əvvəl Nobel söhbətində də mənə qarşı mətbuata qərəzli çıxışlar edirdi. Nobel komitəsi onun cavabını verəndən sonra səsini kəsdi. Etibar Əliyev "Dianetologiya” ilə "Sianetologiya”nı qarışdırır.
Mənim Azad müəllimin 90 illik yübleyində etdiyim çıxışın üstündən heç 1 həftə keçməyib. Bu adam 3-4 gün bundan əvvəl deyilən sözü yadında saxlaya bilmir. Amma özünü təhsil eksperti adlandırır. Mən yübley tədbirimdə demişəm ki, Azad müəllim böyük alimdi, Azərbaycan elmində çox yaxşı xidmətləri olub.
Etibar Əliyevin psixoloji problemi də var. İşi-gücü ancaq hansısa fikirlərlə gündəmdə qalmaqdır. 3-4 ay Təhsil Nazirliyində hansısa xırda vəzifədə işləyib, indi özünü təhsil eksperti adlandırır. Bir dəfə çıxışlarının birində demişdi ki, Azərbaycan alimlərinin Nobel komitəsinin yanından belə keçməyə haqları yoxdu. Bu tərəfdən özünü hansısa sahə üzrə elmlər namizədi, alim adlandırır. Özü-özünü yandırır. Məsələhət görərdim ki, nəsə yazanda mətbuatla yaxşı maraqlansın, sonra nəsə açıqlama yaysın. Hər bir adam öz qabiliyyətinə görə ortaya çıxmalıdır. Əgər Təhsil Nazirliyində 3-5 ay işləməklə təhsil eksperti olursansa, onda gərək Azərbaycanın yarısı təhsil eksperti olsun”.
Xatırladaq ki, Etibar Əliyev S.Cəlaloğlu haqqında özünün “Feysbuk” hesabında belə yazıb:
“Akademik Azad Mirzəcanzadəni 90 yaşının tamam olması münasibətilə onu xeyli dəyərli insanlar yada saldı. Böyük alimin haqqında maraqlı məqalələr və xatirələr yazdılar. Bir qrup adam da fikirləşdi ki, məqamdı, mən də həmişəki kimi xalqımızın sadəlöhvlüyünə güvənərək gopa basım. Bunlardan biri də Nisbilik nəzəriyyəsində Eynşteyni "neprav" çıxarmış Sərdar Cəlaloğludur. O, yazır: "Azad müəllim ən birinci ədəbiyyat siyahısında yazdığım alimlərdən sual verməyə başladı: Məsələn, soruşdu ki, sən siyahıda Xavbard yazmısan, onu oxumusan? Cavab verdim ki, bəli oxumuşam və evdə mənim şəxsi kitabxanamda onun “Dialektologiya”sı var"”.
Bu adam yalançı xatirəsi ilə Azad Mirzəcanzadəni kiçiltməyə çalışır. Yazır ki, “Azad müəllim mənə dedi ki, “gəl sənə elmlər doktoru alimlik dərəcəsi verim””. Digər tərəfdən, mən qətiyyən inanmıram ki, Azad müəllim Xavbard adlı kitab müəllifinin adını çəksin və Sərdar Cəlaloğlunun adı düz olmayan müəllifin adı düz olmayan əsərinin adını çəkməsini ona bağışlasın. Cəlaloğluna xatırladıram ki, Azad müəllimin adından təhrif etdiyi müəllifin adı Xabbard, onun kitabının adı isə "Dianetika" adlanır. "Dianetika" psevdoelmi təlimdir.
Allah üzümüzə baxdı: nə yaxşı ki, Sərdar bəyə psevdoelmə görə Nobel mükafatı vermədilər”.
Mail Ağaxanov