Misirin Nahda Universitetinin rektoru Muhəmməd Husam əd-Din Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.
Modern.az xəbər verir ki, qonağ Aİİ-nun rektoru Ceyhun Məmmədovla ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq Azərbaycan-Misir əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib. C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan rektor C.Məmmədov müsəlman ölkələri, o cümlədən, ərəb ölkələri ilə təcrübə mübadiləsi imkanlarını nəzərə çatdırıb.
Nahda Universitetinin rektoru M.Husam əd-Din Azərbaycanda İlahiyyat İnstitutunun yaradılmasını böyük məmnunluqla qarşıladığını qeyd edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən M.Husam əd-Din instituta fəaliyyətində uğurlar arzulayıb. Rektor Nahda Universiteti haqqında ümumi məlumat verib, Aİİ ilə əlaqələrin təşkili, təcrübə mübadiləsi, ərəb dili üzrə tədrisin təkmilləşdirilməsi, müasir ərəb dilinin tədrisi ilə bağlı birgə fəaliyyət məsələlərinə toxunub. Eyni zamanda, Nahda Universitetində də Azərbaycan dilinin tədris olunacağını bildirən Husam əd-Din ölkələrimiz arasında tarixi əlaqələrdən danışaraq Azərbaycanı özünə yaxın hiss etdiyini, xalqlarımız arasında ortaq adət-ənənələrin olduğunu deyib. Daha sonra vurğulayıb ki, xalqımız görkəmli şəxsiyyətlərinə böyük diqqət və qayğı göstərir və bu, gənc nəslə bir örnəkdir.
Görüşdə Nahda Universitetinin rektoru M.Husam əd-Din Aİİ rektoru C.Məmmədovu Misirə rəsmi səfərə dəvət edib. İki təhsil müəssisəsi arasında ən yaxın zamanda əməkdaşlığın yaradılması da qərara alınıb.