“Azərbaycanda son dövrlər autizm xəstəliyi geniş yayılmağa başlayıb. Autizm xəstəliyinin müalicəsi uzun müddət və çoxlu xərc tələb edir. Bu baxımdan düşünürəm ki, belə xəstəliyin daşıyıcılarının müalicəsi ilə bağlı xüsusi qanun qəbul olunsun və bu, müəyyən şəkildə dövlət büdcəsi vasitəsilə kompensasiya edilsin. Eyni zamanda, bu xəstəliyin yaranma səbəbləri və qarşısının alınması ilə bağlı tədqiqatların aparılmasına da ehtiyac var. Çünki, bu xəstəlik genefondumuza ciddi zərbə vurur”.
Modern.az xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin payız sessiyasının ilk plenar iclasında çıxış edərkən deyib.
Azərbaycanda demoqrafiq vəziyyətə toxunan millət vəkili deyib ki, son illər əhalinin artım səviyyəsi aşağı düşməkdədir. Bu halın gələcəkdə demoqrafik problemlərə gətirib çıxara biləcəyini deyən Hikmət Babaoğlu qeyd edib ki, problemin qarşısını almaq üçün müvafiq qanunlara dəyişikliklər edilməli və çoxuşaqlı ailələrə güzəştlər tətbiq olunmalıdır.
İnformasiya təhlükəsizliyi məsələsinə gəlincə, millət vəkili bu istiqamətdə müəyyən qanunların qəbul olunduğunu deyib. Bununla belə, o təklif edib ki, hazırki mərhələdə Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbələrdən biri sosial şəbəkələrdir. Ona görə də, sosial şəbəkə iştirakçılarının fəaliyyətinin qanunla tənzimlənməsi lazımdır.
Hikmət Babaoğlu çıxışı zamanı Azərbaycanda çəkilən filmlərlə bağlı da fikirlərini bildirib: “Azərbaycanda milli seriallar, kinolar çəkilir. Lakin onların keyfiyyəti, akutallığı və milli maraqlar baxımından izah olunması bir qədər mürəkkəbdir. Bəlkə filmlərin çəkilməsi ilə bağlı şuralar yaradılmalı, ssenarilər həmin şuralar vasitəsilə qiymətləndirildikdən sonra filmlər çəkilməlidir”. Əgər onlar milli maraqlarımıza, milli mənəvi dəyərlərimizə cavab vermirsə belə filmlərə sərmayə qoymaq lazım deyil”.
O həmçinin qeyd edib ki, tarixi abidələrimizin qorunması və öyrənilməsi də vacibdir: “Onların düzgün təqdim olunması da çox önəmlidir. Bilirsiniz ki, ölkəmizə xeyli sayda əcnəbi turistlər gəlir. Biz tarixi abidələrimiz haqqında onlara dolğun məlumat verməliyik. O cümlədən xristianlıq dövrü tariximizlə bağlı abidələrimiz geniş tədqiq və təqdəm olunmalıdır ki, başqaları onlara sahib olmağa çalışmasın”.
Xarici dillərin öyrənilməsinin də əhəmiyyətli olduğunu deyən millət vəkili bildirib ki, çox dil bilmək yaxşı olsa da, əsas milli təfəkkürə sahib olmaqdır: “Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan dilini bilmədən azərbaycanlı olmaq mümkün deyil. Ona görə də, ilk növbədə milli təfəkkürə sahib olmaq lazımdır”.