Şabranda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Günel" şadlıq evində bayram tədbiri keçirildi.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Tahir Süleymanov, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak edirdilər.
YAP Şabran rayon Qadınlar Şurasının sədri Minə Quliyeva, Xəqani Poeziya evinin müdiri Aybəniz Əliyar, Prezident Təqaüdçüsü, AYB Şabran bölməsinin sədri Aydın Tağıyev çıxış etdilər.
Novruz Novruzov və Tahir Süleymanov tədbirdə iştirak edən xanımların timsalında bütün Azərbaycan qadınlarını gözəl bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdilər.
Bildirdilər ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulduğunu Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Daha sonra Şabran rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov və Milli Məclisin deputatı Tahir Süleymanov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandılar.
Tədbir Şabran Xalq Dram Teatrının yumoristik səhnələri və tanınmış incəsənət xadimlərinin musiqili çıxışları ilə davam etdi.