“Quba məzarlığını AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tədqiq edib üzə çıxardı. Təəssüf ki, həm institut, həm də mən diqqətdən kənarda qalmışıq. Nə Cümhuriyyətin 100 illiyində, nə də bu il məni Quba məzarlığına dəvət etdilər. Ona görə də çox incimişəm”.
Bunu Modern.az-a açıqlamasında Quba məzarlığı soyqırımının tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev deyib.
Qəhrəman Ağayev Quba məzarlığının basdırılmasını heç zaman qəbul etməyəcəyini də bildirib.
“Artıq Quba məzarlığı dağıldı. 2009-cu ildə məzarlığı ziyarət edən cənab prezident bizim ideyamızı bəyənmişdi. İdeyamız isə ondan ibarət idi ki, məzarlıq şüşə örtük altında qalsın. Ancaq sonradan xüsusi komissiya da yaradıldı. O komissiyanın üzvü olmamışam. Nəticədə məzarlığı oradan götürüb yanında quyu kimi yer qazıb torpağın altında basdırdılar. Üzərində isə xatirə abidəsi qoydular. Nə yaxşı ki, Heydər Əliyev Fondu tərəfindən Qubada möhtəşəm kompleks tikilib. Buna görə Heydər Əliyev Fonduna, Mehriban Əliyevaya, cənab prezidentə minnətdarlığımı bildirirəm. Əsas məsələ məzarlığın şüşə örtük altında qalması idi. Ancaq bunu etmədilər. Quba soyqırımı nəinki türk aləmində, eləcə də, bütün müsəlman aləmində canlı soyqırımı abidəsi idi. Bu abidə erməni xislətini açıb ortalığa qoymaq üçün maddi sübut idi. Təəssüf ki, bu sübut torpağın altına basdırıldı”.
Qeyd edək ki, bu gün 2018-ci ilin 31 martında erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 101 illiyi tamam olur. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.