Nəzirməmməd Quliyev
Əvvəli burada //modern.az/az/news/199855
Yazılarımız media vasitəsilə ictimailəşdikcə Xəqani xarakterinin daha dərin qatları açılır qarşımızda. Hər biri də qürurverici, hər biri də nümunəvi. Xoş sözlərlə, minnətdarlıq hissi ilə dolu çoxlu telefon zəngləri, müraciətlər, mesajlar, məktublar alıram həmkarlarımdan, oxuculardan və Xəqaninin şəxsən görüşə bilmədiyim doğmalarından. Təəssüf ki, sayları az olsa da, biganə qala bilənlər də yox deyil. Amma sonunculardan danışmağa nə vaxtımız, nə də hövsələmiz var. Gəlin, Xəqanini zamanında tanıyıb bilənlərdən aldığım məktublardan ikisini sizlərin diqqətinə təqdim edib yolumuza davam edək.
Bircə əmim qayıtsa...
Salam Nəzirməmməd müəllim!
Mən Qinyaz müəllimin böyük qızıyam. Nuranə İsayeva. Əkbərovlar ailəsinin ən böyük nəvəsiyəm. Əvvəla sizə təşəkkür edirəm əmim Xəqani haqqında yazdıqlarınıza görə. Əmim haqqında indiyədək yazmış olduğunuz on yeddi yazının hamısını oxumuşam. Özüm də Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Yazıları çox təqdir eləyirəm. Çox sağ olun. Allah razı olsun! Az da olsa, sizin yazılarınız ürəyimizə, yaralarımıza su səpmiş oldu.
Əmimlə bağlı xatirələrə gəlincə, mənə elə gəlir ki, ilk öncə bütün tanıyanlar - doğmaları, dost-tanışları onu həddən ziyadə mehriban deyib-gülməyi ilə xatırlayırlar. Ağzında ağappaq dişləri olan Xəqani əmim sanki bir mehribançılıq simvolu idi.
Xatırlayıram ki, on bir yaşım vardı. Yay günləri idi. Babamgilin sizin də gedib-gördüyünüz geniş eyvanında nənəm yorğan-döşək salırdı. Biz onun yanında oynayırdıq. Əmim o zaman tələbə idi, Bakıdan gəlmişdi. Artıq bilirsiniz ki, o, oxuya-oxuya həm də Elçin əmimin direktor müavini olduğu zavodda işləyirdi. Nənəmə dedi ev növbəsinə yazılıb, ona ev düşdüyünə görə zavoddan ev verəcəklər. Nənəm etiraz eləyib dedi yox, sənə ev lazım deyil, kənddəki bu boyda ev-eşik hamısı sənindi, bəs bu kənddəki evdə kim qalacaq (?!..), Bakıda evi neynirsən, onsuz da qoymayacam gedib Bakıda qalasan. Onda əmim məqsədini belə əsaslandırdı ki, özüm Bakıda evsizlikdən çox əziyyət çəkmişəm, yataqxanada qalmışam, Elçingildə qalmışam, istəmirəm ki, bu qızlar da o əziyyətləri çəksinlər. Mənim adımı çəkdi, əmisi qızları Almazın, Gülüşün adını çəkdi. Dedi istəmirəm onlar - xüsusilə də qız uşaqları gedib Bakıda min bir əziyyətlə tələbəlik həyatı yaşasınlar, kirayələrdə, tanıyıb-bilmədiyimiz kimlərinsə evində yaşasınlar, valideynləri də, biz də onlara görə narahatlıq keçirək, ya da Elçingildə qalıb onları da narahat etmiş olsunlar. O söz, o sözün deyildiyi o xoşbəxt anlarımız hamısı olduğu kimi yadımda, gözlərimin qabağındadı...
Bildiyiniz kimi, Xəqani əmim də bir müddət Elçin əmimgildə qalıb. Sonra elə olub ki, universitetdə oxuduğum beş il müddətində mən də Elçin əmimgildə qalası olmuşam. Bu mənada mənimlə Xəqani əmimin o zamankı taleyində bir oxşarlıq da var.
İstəyirəm bu duyğularımı, ümidlərimi də qeydə alasınız mümkünsə: hələ də bizim gözlərimiz yoldadı, hələ də inana bilmirik ki, ona nəsə olub, o gəlməyəcək. Nənəm, sizin də qeyd etdiyiniz kimi, hər dəfə, hər dəfə qapı açılanda diksinib baxır, elə bilir bu saat Xəqani girəcək içəri. Allah bu dağı ürəyində aparan babama rəhmət eləsin, nənəmə səbr versin! İtkisi olmaq doğrudan da çəkilməsi dəhşətlərlə müşayiət olunan çox böyük ağrı, əzabdı. Əmim itkin düşəndən sonrakı bir ilimizi xatırlayanda dəhşətə gəlirəm. Bizim evimizdə nələr yaşandı, nələr yaşanmadı?! O bir ili atam hər gün Ağdama gedib-gəlib. Təfərrüatlarını da bilirsiniz, yazmısınız. O bir ili biz bacılar hər gün nənəmlə bir yerdə ona qoşulub ağlamışıq. Bir il, sərasər. Nənəmgilə nə qədər adam gəlib-gedirdi o zamanlar. Bizim ata evimiz nənəmgildən bir qədər aralıdı. Amma hər gün atamı Ağdama yola salan kimi dörd bacı dördümüz də nənəmin yanına yüyürüb axşama kimi ona qoşulub ağlayırdıq. Bütün çəkdiklərimizi, əzablarımızı unudarıq. Bircə əmim qayıtsa...
Bir daha sağ olun. Sizə də uğurlar arzulayıram.
“Gözlər yoldan yığılsın,” inşallah!
Nəzirməmməd bəy!
Xəqani Əkbərov haqqında yazılarınıza görə sizə təşəkkür edirəm. Mənim də Xəqani ilə bağli bəzi xatirələrim var. Düşünürəm ki, yazılarınızda istifadə etsəniz onun xatirəsinə bir töhfə olar. Xəqani lap uşaqlıqdan çox zəhmətkeş olub. Yadımdadır,1984- cü ildə mən taxıl mövsümündə sovxozda xırman müdiri idim. Həmin il Xəqanigil IX sinfi bitirmişdilər. O vaxt IX sinifi bitirənlər "şagird istehsalat briqadasi" qismində yay tətili dövründə sovxozda çalışırdılar. Həmin il onların sinifinin oğlan uşaqlarını xırmana işləməyə göndərdilər. 7-8 uşaq idilər. İş əlbəttə çətin idi. Uşaq işi deyildi. İsti hava, toz-torpaq. Səhərdən axşama taxılı “vim”də təmizləmək, daşıyıb anbara vurmaq, yağışdan qorumaq və sair. Bir sözlə, iş çox və çətin idi. Sizi inandırım ki, bütün uşaqlar bir neçə günün ərzində bir-bir qaçıb aradan çıxdılar. Amma təkcə Xəqani qaçmadı (döyüşdən, düşmən gülləsindən, canını itirəcəyindən qorxub-qaçmadığı, dağda-daşda gizlənmədiyi kimi. Bu da Xəqaninin uşaqlığı –N.Z.). Düz axıra qədər, xırman sovuşunca o işlədi. Mənə çox kömək elədi. Yaxşı da əmək haqqı qazandı. Onu da deyim ki, onlar imkansız ailə deyildilər və Xəqaninin qazancına ailənin ehtiyacı yox idi. Mən həmişə müşahidə edirdim ki, bu uşaq atası Eyvaz kişinin traktorunda işləyir, kömək edir. Düzdür, bir həmkarlar təşkilatının təmsilçisi kimi bu hərəkət, yəni azyaşlının, məktəblinin istehsalatda, ağır işlərdə istifadə edilməsi mənə xoş gəlmirdi. Amma o doğrudan da hədsiz zəhmətkeş oğlan idi və bu da görünür ailədən, gendən, qandan gəlmə idi. Nə isə, gun olsun Xaqani sağ-salamat qayıdıb gəlsin və“gözlər yoldan yığılsın”,inşaallah!
Məzahir XƏLİLOV
Gəraybəyli kəndinin bazasında yerləşmiş keçmiş “Şirvan” sovxozu Həmkarlar Təşkilatının sədri, təqaüdçü.
Xəqani haqqında heç bir mübaliğəyə yol vermədən indiyədək eşidib-yazdıqlarımın daha bir sübutudur bu məktublar. Onun daxili aləmində yaşananlar özünü bütün dəyərlərimizin qorunmasında büruzə verib. Bu yarımçıq ömrün özündən qat-qat ağırlıqda daşıdığı maddi-mənəvi yüklər qələmə alınmaqla bitib-tükənmir. Bunları yazmamaqsa...bu onun nakam taleyinə sadəcə hörmətsizlik olardı. Daha bir hörmətimizi isə ilin bahar çağında qələmə aldığım bu yazılarla hamınızın adından qəhrəmanımızın – onun timsalında bütün şəhid və itkinlərimizin işğaldakı torpaqlarımızdan dolayı narahat ruhlarını salamlamaqla izhar etmək istəyirəm. Zəmanəmizin böyük şairi, vətənpərvər şeirlərindən bu yazılarda dönə-dönə iqtibaslar gətirdiyim Musa Yaqubun ürəkləri titrədən “Şəhidlərə bahar salamı” şeiri ilə:

- Şəhidlərim!
Elimizə sizsiz gələn
İlkin bahar nəfəsindən
Torpağınız isindimi?
Göyümüzdən durna keçir
Məzarınız diksindimi?
Bu sədanın sizə gəlib
Çatmazından-çatarından
Salam olsun!
Göyümüzdən-
İlkin durna qatarından
Salam olsun!
Nanə-nanə gözü dolan bulaqlardan,
Yasınızı saxlar olan,
Buludları ağlar olan
Bu dağlardan salam olsun!
Bənövşələr bu dünyanı
Həmişə dərdi var bilib,
Yaza boynubükük gəlib.
Bu il sizə
Boynubükük yazımızdan,
Gözü yaşlı
O bənövşə çağımızdan,
O bənövşə qızımızdan
Salam olsun!
Yaşıl donlu bir qız gəlir,
Səmənisi qara lentli
Əlində gül-novruz gəlir-
Bu il sizə
Bu qapqara bayramızdan
Salam olsun!
Qaraörtük xonçalarda
Əriyəcək şamımızdan,
Uşaqlar yas nədir bilməz-
Ovcu qızıl yumurtalı
Balamızdan-hamımızdan
Salam olsun!
Azadlığın rəmzi kimi
Coşub-daşan çağımızdan
gedən ömür payınıza
Qalan ömür payımızdan
Salam olsun!
Göz yaşına dönüb getdi
Ana mehri,bacı mehri...
Lalələrin bağrı qara-
Güllə yeri-
Bu il qanlı köynəyiniz açılmadı
zəmilərdə lalə-lalə -
Köynəyiniz o yaralı lalələrdən,
Üstündəki göz yaşımız
Jalələrdən
Ruhunuza salam olsun!
Bütün çiçək sərgiləri,
Ağrıları,sevgiləri
sizin olsun,
Anaların acısında həsrətlənən
Baharınız mübarəkdi.
İlk dəfədir çiçək açan
Məzarınız mübarəkdi!
Şəhidlərim!
Qinyaz Əkbərov: “Xəqaninin xatirəsinə “Şəhid parkı” salacağıq”
Gəraybəylidə olarkən kənd sakinləri ilə söhbətlərim zamanı Xəqaninin xatirəsinin necə əbədiləşdirilməsi yollarından fikir mübadiləsi aparmalı oldum. Müxtəlif təkliflər səsləndirirlər. Təkliflərin içərisində bir çoxlarının arzusu olaraq kənddəki oxuduğu məktəbin onun adına verilməsi məsələsi də müzakirə mövzusudur. Gəraybəylidən ümumiyyətlə Qarabağda nə qədər adamın döyüşməsi ilə də maraqlanıram. Söhbətimizə Xəqaninin qardaşı və kəndin bələdiyyə sədri qismində Qinyaz müəllim müdaxilə edir:“Gəraybəyli kəndinin qismətinə Qarabağ müharibəsinin od-alovundan keçmək yazılmış daha bir neçə nəfər düşüb. Şükür ki, onların hamısı dörd il-dörd il yarımlıq döyüşdən sağ-salamat qayıdıb gəldilər. Artıq sizə də bəllidir ki, onların içində mənim doğmalarım da olub. Qarabağ müharibəsi veteranları, dörd il müharibədə iştirak edən gəraybəylilərin içərisində bir nəfər II qrup Qarabağ müharibəsi əlili var. Biz bələdiyyə üzvləri olaraq həmin II qrup əlil-veteranımıza pulsuz həyətyanı torpaq sahəsi ayırıb verdik. İndi ona rayonun mərkəzində dövlət hesabına ikiotaqlı ev də veriblər. Hazırda orda yaşayır. Amma Xəqaninin statusundan biz özümüz üçün heç zaman istifadə etməmişik. Bunu özümüzə yaraşdırmırıq və ya deyirik birdən sağ ola bilər. Xəqani də, qeyd etdiyimiz kimi, bizim bütün çağırışlarımıza məhəl qoymayıb özü bu döyüş yolunu seçdi. Dedi yox, mən getməliyəm, çünki Azərbaycan dardadır, biz də söz vermişik ki, son damla qanımıza qədər vuruşub torpaqlarımızı azad edəcəyik”.
Məlumat üçün qeyd edək ki, Xəqaniyə şəhidlik statusu rəsmən tanınandan sonra o, itkin olmaqla bərabər, həm də Gəraybəyli kəndinin yeganə şəhididir. Belə olduğu təqdirdə, “kəndin yeganə şəhidinin adının hər hansı formada əbədiləşdirilməsi məsələyə daha ədalətli yanaşmaq olmazmı” sualıma cavab olaraq Qinyaz müəllim perspektivdə bu istiqamətdə nəzərdə tutduqları planlardan danışdı:
- Indi başqa bir niyyətimizi gerçəkləşdirmək istəyirik. Belə ki, dövlət başçısının son fərmanı əsasında onun varisinə də 11 min manat vəsait ödəniləcək. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında adı qeydiyyata alınıb. Bu vəsaitlə kəndimizdə 0,5 hektar torpaq yeri ayırıb orada Xəqaninin adına “şəhid parkı” salacağıq. Parkın içərisində onun büstü və mərmərdən şəkli, xatirə lövhəsi, bulaq, dincəlmək üçün skamyalar və s. quraşdırılacaq. Parkda, həmçinin, dekorativ ağaclar əkdirmək niyyətindəyəm. Bunu həm kəndlilərimizin istirahət yeri, həm bizlərə təsəlli, həm vətənpərvərlik simvolu kimi planlaşdırıram. Bir də ki, dövlətimizin dünyamızda övladı, heç bir nişanəsi qalmayan qardaşımın şəhidliyi üçün ayırdığı vəsait qoy elə onun özünə xərclənsin. İndi həm şəhidlik statusu var, həm də adına park saldıracağıq ki, xatirəsini anmağa, vətənpərvərliyindən bəhs etməyə məhz Xəqani ünvanlı nəsə olsun”.
Gözəl təşəbbüsdür. Bu ideyanın şəhidi olan hər bir yaşayış məntəqəmizdə yayılmasını düşünmək, uyğun addım atanları alqışlamaq gərəkdir fikrimcə. Bəzən vətənpərvərlik təbliğatı üçün bax belə - əyani guşələrin olmaması, qıtlığı və ya onların yalnız mərkəzi yerlərdə salınmasından gileylənirik. Onun hər bir yaşayış məskənində təşkili, fikrimcə, əvəzsiz bir təbliğat vasitəsinə çevrilə bilər. İnsanların mədəni istirahət məskəninə dönəcək belə parklarda dincəlmək, istirahət etmək imkanlarının savabı isə şəhidlərimizin müqəddəs ruhuna ən böyük ehtiram nümunəsi sayılar.
(ardı var)