Modern.az

“Xalq qəzeti”nin 3 əməkdaşının birgə yubiley mərasimi keçirilib

“Xalq qəzeti”nin 3 əməkdaşının birgə yubiley mərasimi keçirilib

Aktual

26 Oktyabr 2019, 13:54

Azərbaycan Mətbuat Şurası Ahıllar Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Xalq qəzeti”nin bu yaxınlarda 60 yaşı tamam olmuş 3 əməkdaşının - Əməkdar jurnalistlər Tahir Aydınoğlu, Namiq Əhmədov və tanınmış jurnalist İlqar Həsənovun birgə yubiley mərasimi keçirilib.

 

Ölkənin media ictimaiyyətinin nüfuzlu nümayəndələrinin, müxtəlif nəsilləri və bir çox kütləvi informasiya vasitələrini təmsil edən yazarların, yubiliyarların dostlarının və yaxınlarının toplaşdığı məclisi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov vaxtilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bir yerdə oxumuş, müxtəlif illərdə ayrı-ayrı media vasitələrində çalışıb təcrübəli və bacarıqlı jurnalist kimi tanındıqdan sonra ömür yolları ölkənin avanqard dövri nəşri olan “Xalq qəzeti”ndə yenidən ortaqlaşmış hər üç dostu və həmkarı ömürlərinin ahıllıq yaşına daxil olmaları, 60 illik yubileylərinə ciddi və samballı jurnalist bioqrafiyası ilə gəlmələri münasibətilə səmimi təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulaylb.

 

AMŞ Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə yubiliyarların jurnalistik fəaliyyəti barədə qısa məlumat verərək bildirib ki, Tahir Aydınoğlu Az.TV-nin xəbərlər baş redaksiyasında 5 illik fəaliyyətindən sonra “Xalq qəzeti”nə dəvət alıb, 30 ildən artıqdır ki, burada  çalışır. İlqar Həsənov bu redaksiyaya “Bakı” qəzetində, Namiq Əhmədov isə AZƏRTAC Dövlət İnformasiya Agentliyində və “Azərbaycan” qəzetində yaradıcılıq yolu keçəndən sonra gəliblər. Hər 3 dost  və həmkar bu yaxınlarda 100 yaşı tamam olmuş ölkənin ən qocaman və nüfuzlu qəzetində yüksək peşəkarlıq məktəbi keçib, redaksiyanın  uğurlu fəaliyyinə bacardıqları qədər kömək edir. Yubiliyarın hər üçü jurnalistlərin nüfuzlu “Həsən bəy Zərdabi” və “Ali media” mükafatlarına layiq görülüb.

 

Sonra Əflatun Amaşov AMŞ-nin yubiley diplomlarını, Məzahir Süleymanzadə isə AJM-in xatirə hədiyyələrini təntənəli surətdə yubiliyarlara təqdim ediblər.

 

BDU jurnalistika fakültəsinin kafedra müdiri Allahverdi Məmmədli və fakültənin dosenti Mahmud Mahmudov yubiliyarları təhsil aldıqları BDU-nun, Əməkdar jurnalist İttifaq Mirzəbəyli isə çalışdıqları “Xalq qəzeti”nin kollektivləri adından təbrik ediblər, onların bitirdikləri ali məktəbə və çalışdıqları redaksiyaya başuğalığı gətirən ömür yollarından məmnunluqla söz açıblar.

 

“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, tanınmış zərdabişünas, BDU-nun professoru İzzət Rüstəmov, qocaman şair-publisist Ramiz Məmmədzadə, Əməkdar jurnalist Bəbir Hüseynov, Əməkdar poliqrafçı Şəddad Cəfərov, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, ”525-ci qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yubiliyarların iş yoldaşı Zərifə Bəşirqızı, dostları Qənimət Səfərov,  Rauf Ağayev və digər çıxış edənlər Tahir Aydınoğlunu, İlqar Həsənovu və Namiq Əhmədovu yurdsevər ziyalılar və  peşəkar jurnalistlər kimi səciyyələndiriblər, bu yazarların ümumi və fərdi uğurlarını yada salıblar, onlara ömürlərinin yeddinci onilliyində daha məhsuldar yaradıcılıq və möhkəm cansağlığı arzulayıblar.

 

Ünlü bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov mədəni dəyərlərin fəal təbliğçiləri olan jurnalist dostlarını Xalq şairi Qabilin “Özünü qoru” şeirinin poetik ovqatı ilə salamlayıb, onları sənət adamları adından səmimi təbrik edib. (Xalq qəzeti)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı