Modern.az

Arif Hacılı dəyirmi masaya çağırdığı 8 nəfərin 5-dən müsbət cavab alıb

Arif Hacılı dəyirmi masaya çağırdığı 8 nəfərin 5-dən müsbət cavab alıb

Aktual

28 Oktyabr 2019, 15:16

Oktyabrın 23-də Müsavat Partiyasının başqanı Arif Hacılı yeni təkliflə çıxış edib. Partiya lideri bildirib ki, müxalifətin birliyi mövzusu aktuallaşıb: “Partiya rəhbərlərindən, o cümlədən məndən siyasi qüvvələrin əməkdaşlığı tələb olunur. Bu təklifləri, eyni zamanda siyasi resursların toparlanması zərurətini nəzərə alaraq ölkədəki siyasi durumu dəyərləndirmək, yaranmış vəziyyətdən çıxış yolları barədə müzakirə aparmaq üçün açıq dəyirmi masanın keçirilməsini təklif edirəm”.

Müsavat başqanı dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Məclisinin üzvü İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, jurnalist Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

Modern.az-ın məlumatına görə, Arif Hacılı bu gün bəyan edib ki, ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün dəyirmi masa keçirmək təklifi ilə müraciət etdiyi 8 nəfərin 5-dən müsbət cavab alıb. O saytımıza açıqlamasında hələlik bu 5 nəfərə müraciət etdiyini digər 3 dəvətli ilə sonra görüşəcəyini bildirib:

“Bu günlərdə kimlərin razılaşdığını açıqlayacağam. Prosesə mane olmamaq üçün bununla bağlı açıqlamalar vermək istəmirəm. Mən də daxil olmaqla cəmi 9 nəfərin iştirakını nəzərdə tutmuşam. Hələlik 5 nəfər  dəyirmi masa ideyasına müsbət münasibətini bildirib. Heç kim imtina etməyib, mən xarici səfərdə olduğum üçün digər siyasətçilərlə görüşmək imkanım olmayıb. Bu gün və sabah görüşlərim olacaq. Ən geci oktyabrın 30-da “dəyirmi masa”nın keçirilməsi, detalları haqqında yekun məlumatları ictimailəşdirəcəyəm”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı