Rusiya Hökumətinin iclasında bu ölkədə sosial xidmətlərin vahid əlaqə mərkəzindən təqdim edilməsi təcrübəsini tətbiqi məsələsi müzakirə olunub.
Baş Nazir Dmitri Medvedev deyib ki, sosial təminat, güzəşt növlərinin hamısını bir araya gətirmək üçün vahid kontakt mərkəzinin qurulması planlaşdırılır. Bu sahədə çoxsaylı problemlərin həlli də kompleks sosial xidmətlər sisteminin yaradılması ilə mümkün ola bilər.
O, hazırda Rusiyada təxminən 380 müxtəlif müavinət və güzəştin olduğunu bildirib.
Rusiya Hökumətinin məqsədi vətəndaşın minimal iştirakı ilə bir sıra xidmətlər əldə etməsinə imkan verən xidmət modelinin qurulmasıdır. Bununla bağlı təklif hazırlanıb. Yəni sosial təminat növləri üzrə müraciət üçün sənədlərin əksəriyyəti avtomatik olaraq hazırlanmalıdır. Məsələn, uşağın doğulduğu zaman xüsusi bir xidmət valideynlərə bununla bağlı verilən imtiyazlar barədə məlumat verəcək.
Modern.az xatırladır ki, Rusiya hökumətində müzakirə olunan bu məsələ ilə əlaqadar Azərbaycanda analoji təcrübələr var.
Belə ki, Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci ilin sonunda istifadəyə verdiyi, 16 elektron altsistemini və 2 reyestri özündə birləşdirən vahid “E-sosial” portalı vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) bazasına çıxış, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə yararlanmaq imkanı verib.
Bu ilin may ayında DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və ilk DOST mərkəzi açılıb. Mərkəz 132 növdə sosial xidməti əhaliyə vahid məkandan, bir pəncərə prinsipi ilə, sadə prosedurlar əsasında, operativ və tam şəffaf, vətəndaş məmnunluğu prinsipi ilə təqdim edir.
Azərbaycanda bu ilin əvvəlindən ilk proaktiv xidmət kimi, pensiya təyinatının müraciət edilmədən və sənəd təqdim olunmadan elektron qaydada təyinatı mexanizmi tətbiq olunur.
Oktyabr ayında isə daha xidmət - uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı da avtomatlaşdırılıb və artıq valideynlərin bunun üçün müraciətinə və sənəd təqdim etməsinə ehtiyac qalmayıb.