“İcbari tibbi sığorta sisteminin tətbiqi uzun zamandır müzakirə olunur. Ancaq yenə də ciddi şəkildə ictimai müzakirələrə ehtiyac var. Bu sahənin mütəxəssisləri icbari tibbi sığortanı ətraflı şəkildə yenidən cəmiyyətə izah etməlidir. Çünki bu məsələ tək qanunla həll olunası deyil. İnsanlara sığorta sistemindən necə istifadə olunması izah edilməlidir. Bununla bağlı İctimai televiziyada həftədə 3 dəfə veriliş efirə getməli, mütəxəssislər dəvət olunaraq, sistemin mahiyyəti izah olunmalıdır”.
Modern.az xəbər verir ki, bunu “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, insanlar belə hesab edir ki, qanun qəbul edilən kimi hansı xəstəliyi olsa, sığorta kağızını göstərib müalicə olunub oradan çıxmalıdır:
“Ona görə də insanlara paketə nələrin daxil edildiyini və prosesin necə olacağını izah etmək lazımdır. Bu işdə peşəkar kadr potensialına ehtiyac var. Hesab edirəm ki, kimlərsə bu günə qədər yarımştat işləyib və bu hansı formada olacaq, seçim necə aparılacaq, hansı həkimlər insanlara xidmət göstərək və s. kimi suallar öz cavabını tapmalıdır. Biz həkimlik sistemini hərbi sistem kimi etməliyik. Həkim bölgəyə ezam olundusa, mütləq ora getməlidir”.
Komitə sədri Azərbaycan Tibb Universitetini bitirən şəxslərin məhz Bakıda qalıb burada özəl tibb müəssisələrində işləmək istəyindən də söz açıb:
“Yaxud da qərar qəbul ediləndə adını haradasa yazdırır, amma burada hansısa klinikada fəaliyyət göstərir. Yəni bu sahədə cavabı alınacaq suallar çoxdur. Bu təcrübəni həyata keçirən bir çox inkişaf etmiş ölkələrin nəticələri ilə maraqlanmışam. Məlum olub ki, hələ də ən inkişaf etmiş ölkələrdə belə bu problemlər öz həllini tamamilə tapmayıb. Çalışmalıyıq ki, ölkədə icbari tibbi sığortaya keçid vətəndaşlar arasında narazılaqlara səbəb olmasın. Əsas məsələ bu sistemin vətəndaşların sağlamlığına xidmət etməsidir. Azərbaycanda kifayət qədər müasir tibbi avadanlıqlar var. Amma hələ də onları işlədə bilən mütəxəssislər kifayət qədər deyil. Ona görə də bu avadanlıqları işlədə bilən kadrların olması vacibdir”.
“İcbari tibbi sığortadan yararlanan vətəndaş gəlib deyəcək ki, “pulumu ödəmişəm” və tələb edəcək ki, “mənə düzgün diaqnoz qoyun”. Problem olanda da məhkəmə çəkişmələri başlayacaq. Ona görə də ictimai müzakirəyə ciddi şəkildə ehtiyac var. Bir-iki rayonda bunu həyata keçirmək olar. Bütövlükdə respublikanı əhatə etmək üçün tam şəkildə əminlik olmalıdır. Əminlik olduqdan sonra sistemi ölkə üzrə tədbiq edə bilərik”,-deyə Siyavuş Novruzov əlavə edib.