"İcbari Tibbi Sığorta ilə bağlı ictimai müzakirə keçirilməli və vətəndaşlar məlumatlandırılmalıdır. Hesab edirəm ki, buna ehtiyac var. Bizimlə təmasda olan vətəndaşlar bir çox suallar verirlər. Ümumiyyətlə icbari tibbi sığortanın mahiyyəti nədir, onlara konkret olarq hansı imtiyazlar verilir, üstünlüklər nədən ibarətdir və sairə. Əlbəttə bütün bunlar geniş formada ictimaiyyətə çatdırılmalıdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev icbari tibbi sığorta haqqında danışarkən deyib.
Deputat müəyyən təkliflər işləyib hazırladıqlarını da bildirib:
“Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Dövlət İcbari Sığorta Agentliyi ilə birlikdə bigə qrant müsabiqəsi elan edib. Qrant müsabiqəsinin əsas mövzusu tibbi sığorta haqqında əhalinin məlumatlandırılması, ictimai müzakirələrin keçirilməsidir. Düşünürəm ki, qrant müsabiqəsinə böyük maraq olacaq. Agentliyi təsadüfən bu prosesə dəvət etməmişik. Çünki burada mütəxəssis sözünə ehtiyac var, ekspertlərin bu prosesə cəlb olunması vacibdir. Fürsətdən istifadə edib bütün Qeyri Hökumət Təşkilatlarını, bu sahədə təcrübəsi olan şəxsləri prosesdə yaxından iştirak etməyə çağırıram. Təkliflərini verib layihələrini hazırlasınlar. Düşünürəm ki, burada da millət vəkilləri həm seçildikləri bölgələrdə keçirilən tədbirlərdə, həm də ayrı-ayrı müzakirələrdə bu və digər formada iştirak edə bilərlər”.
Azay Quliyev əsaslandırılmış layihələri dəyərləndirməyə hazır olduqlarını da qeyd edib:
“Yeri gəlmişkən deyim ki, Dövlət Tibbi Sığorta Agentiyi ilə deyil, ümumiyyətlə, 18 digər dövlət qurumları ilə birgə müsabiqələr həyata keçiririk. Düşünürük ki, ixtisaslaşmış dövlət qurumlarının ictimai əhəmiyyətli məsələlərin həllinə yaxından cəlb olunması çox mühüm və aktual məsələdir. Şuranın da əsas missiyasından da biri budur ki, ictimai əhəmiyyətli problemlərin həllində vətəndaş cəmiyyəti institutları ilə, dövlət qurumları ilə birgə əməkdaşlığa töhfə versin və bunu daha da irəli aparsın. Biz də əsaslandırılmış layihələri dəyərləndirməyə hazırıq”.