"Əvvəllər Dövlət Gömrük Komitəsinin əməliyyat-istintaq idarəsi yox idi. Biz bütün aşkar edilmiş faktları sonrakı istintaqı aparmaq üçün aidiyyatı orqanlara göndərirdik. Sonradan məlum oldu ki, aidiyyatı orqanlar bu işin spesifikasını bilmir. Çünki gömrük işinin öz xüsusiyyətləri var".
Modern.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı bildirib.
G. Muradlı qeyd edib ki, gömrük işini bilmədən həmin işi tam, şəffaf, obyektiv və hərtərəfli aşardırmaq və ona hüquqi qiymət vermək qeyri-mümkündür:
"Bu səbəbdən həmin orqanlara göndərilən işlərin çoxu hüquqi qiymətini tapmamışdı. Ona görə məcbur olub Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsini yaratdıq. Gömrük işindən xəbəri olan, bu sahədə təcrübəsi olan şəxslər daha yaxşı nəticə əldə edib işə hüquqi-qiymət verə bilirlər".
Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisin plenar iclasında deputatların bir neçəsi Azərbaycanda hər qurumun ayrıca istintaq idarəsi olmasından narazılığını ifadə etmişdi.