“Qəbələ” komandası UEFA reytinqində rekord göstəriciyə imza atıb.
Modern.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" 148-ci pillədə qərarlaşıb.
Son 5 avrokubok mövsümünün nəticələri əsasında tərtib olunan siyahıda əyalət təmsilçisi 7,500 xala malikdir. Komanda 2015/2016 və 2016/2017 mövsümlərinin hərəsində 2,000 xal, 2017/2018 və 2018/2019 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da "qırmızı-qaralar" əmsalını 7,500-ə çatdırıb.
“Qəbələ” cari mövsümədək heç vaxt 148-ci mövqedə qərarlaşmayıb.
Siyahıya avrokuboklarda debüt etdiyi 2014/2015 mövsümündə daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını artırıb.