Modern.az

Milli qurtuluşumuzun zəfər yürüşü - Mehman Qaibov YAZIR

Milli qurtuluşumuzun zəfər yürüşü - Mehman Qaibov YAZIR

Aktual

10 İyun 2020, 12:00

Mehman QAIBOV


"1993-cü ildə ölkəmizin düşdüyü ağır vəziyyət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərirdi. Tənəzzülün nəticələrini aradan qaldırmaq, sabitliyə nail olmaq, əlbəttə ki, böyük siyasi təcrübə, bacarıq, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, onun siyasi müdrikliyi, dünyadakı nüfuzu, cəsarəti və təcrübəsi, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə öz dəstəyini verməsi bu gün Azərbaycanı nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çeviribdir".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

1993-cü il Azərbaycanın dövlət müstəqilliyi tarixində ən mürəkkəb və həlledici il oldu. Həmin ilin ilk aylarında Dağlıq Qarabağda və onun ətrafında gedən döyüşlər nəticəsində böyük itkilər verən Azərbaycan ordusu vahid komandanlığın olmaması ucbatından geri çəkilməyə məcbur oldu. Martın sonunda isə Kəlbəcərə ermənilərin hücumu başladı. Hərbi baxımdan böyük əhəmiyyət kəsb edən bu bölgənin müdafiəsi haqlı suallar doğururdu. Ölkə həyatının bütün sahələrini bürümüş özbaşınalıq artıq orduya da siyarət etmişdi. Kəlbəcərin süqutuna bir neçə gün qalırdı.

 

Bu dövrdə ölkədə baş alıb gedən anarxiya, xaos, kəskin ictimai narazılıqlar kulminasiya nöqtəsinə çatdı. Artıq hakimiyyətdəki qüvvələr baş verən prosesləri idarə etmək iqtidarında olmadıqlarını özləri də etiraf edirdilər. O dövrkü iqtidar tərəfindən ölkə daxilindəki real etnik-siyasi durum nəzərə alınmadan qəbul olunmuş qərarlar, cılız və heç bir əsası olmayan bayağı çağırışlar ölkəni etnik qarşıdurma və xaricdən müdaxilə həddinə gətirib çatdırdı. Yaranmış vəziyyət artıq radikal dəyişikliklər tələb edirdi. 

 

Vətənin başı üstünü qara buludlar almışdı. Azərbaycan vəziyyətdən çıxış üçün ya son qurtuluş cavaşına atılaraq taleyin ona nəsib etdiyi ən böyük neməti - dövlət müstəqilliyini qoruyub saxlamaq iqtidarında olduğunu sübut etməli, ya da siyasi varlıq kimi dünya xəritəsindən silinmək kimi acı aqibətlə razılaşmalı olacaqdı. Ulu öndər bu dövr barədə belə deyirdi (28 may - Respublika gününə həsr olunmuş mərasimdə nitqindən, 27 may 2001-ci il):

 

"O vaxt Azərbaycanın mütəşəkkil ordusu yox idi. Ancaq vətənpərvər insanlar torpaqlarımızı, Azərbaycanın ərazisini qorumaq əzmi ilə yaşayırdılar. Bundan səmərəli istifadə etmək lazım idi. Edilmədi ona görə ki, o vaxt Azərbaycanda müxtəlif dəstələr, qruplar, o cümlədən hakimiyyətdə olan şəxslər öz hakimiyyətlərini qoruyub saxlamaq, digərləri isə belə bir fürsətdən istifadə edib hakimiyyətə gəlmək uğrunda mübarizə aparırdılar. Ona görə də müxtəlif qüvvələrə xidmət edən ayrı-ayrı silahlı dəstələrin hamısı Azərbaycan torpaqlarının qorunmasına səfərbər olunmaq əvəzinə, onların hərəsi öz qüvvəsinə xidmət edirdi və bundan da Ermənistan təcavüzkarları çox məharətlə istifadə etmişdilər".

 

Bu dövrdə bütün ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı xilas yolunu Azərbaycanın bu bölgəsinə rəhbərlik edən Heydər Əliyevin ölkədə yenidən siyasi hakimiyyətə qayıdışında görürdü.

 

1992-1993-cü illərdə Azərbaycanın dövlətçilik tarixində baş verən proseslərin kortəbiiliyi dumanlı təfəkkürün və aydın olmayan ideyaların üstünlüyü ilə səciyyələnirdi. Bu isə, iqtidarda olanların dövlətçilik ideyalarını siyasi ambisiyaları ilə eyniləşdirmək cəhdlərinin məntiqi nəticəsi idi.

 

Bu "siyasi liderlərin" fəaliyyəti nəticəsində cəmiyyətdə xaos güclənir, "cəbhəçilik" psixologiyası və davranışları demokratiya pərdəsi altında normaya çevrilirdi. Milli özünəyadlaşma prosesi getdikcə özünü daha aydın şəkildə büruzə verirdi. Hakimiyyətdəkilər demokratiya və anarxiya anlayışları arasında fərqi çox tezliklə unudaraq, qanunların yox, zorun gücünə arxalanmağa üstünlük verirdilər. 

 

1992-1993-cü illər ölkəmizin müasir tarixinə "hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü" kimi daxil oldu. Taleyin xalqımıza bəxş etdiyi böyük bir tarixi şans çəbhəçilərin səbatsızlığı ucbatından milli arzuların puça çıxması təhlükəsi ilə üzləşdi.

 

 Bu dövrdə nəinki iqtisadi, sosial islahatlar aparılmır, demokratik-hüquqi dövlət quruculuğu həyata keçirilmirdi. Əksinə, idarəçilik təcrübəsi olmayan iqtidarın düşünülməmiş addımları cəmiyyəti uçuruma doğru sürükləyirdi. Onun ölkədə yaratdığı xaos, anarxiya, zorakılıq ənənələri son nəticədə vətəndaş qarşıdurmasına və hakimiyyətin tam iflasına səbəb oldu. Səriştəsiz siyasət qısa vaxtda AXC-Müsavat hakimiyyətinin cəmiyyətdə öz nüfuzunu itirməsinə, respublika ətrafında antiazərbaycan koalisiyasının yaranmasına gətirib çıxartdı. 

 

Bütün bunlar - milli sərvətlərin talan edilməsi, çirkin niyyətli siyasi qüvvələrin hakimiyyət uğrunda silahlı mübarizəsi, sovet dövründə əldə olunmuş bütün nailiyyətlərdən kor-koranə imtina edilməsi ilə müşayiət olunurdu. Nəticədə, 1993-cü ilin yayında hakimiyyət böhranı baş verdi. Bu dövrdə baş verən prosesləri Heydər Əliyev belə xarakterizə edirdi:

 

 "XX əsrdə xalqımızın gərgin əməyi ilə yaradılmış qüdrətli iqtisadi potensial amansızcasına dağıdıldı, milli sərvətlər talan edildi. İctimai-siyasi həyatda, iqtisadiyyatda hərc-mərclik, bir qarışıqlıq, "dövlət reketi" hökm sürürdü. Belə düşünülməmiş və səriştəsiz siyasət milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə, hakimiyyətin ölkə daxilində nüfuzunu itirməsinə gətirib çıxardı. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhvolma təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə çatdı. 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkanlardan yaranmış müstəqil dövlətimiz səriştəsiz siyasət nəticəsində süquta uğramaq təhlükəsi ilə üz-üzə qaldı".

 

1993-cü ilin may ayının 25-də Prezident Aparatında hüquq mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Əliyev hakimiyyətin ölkədə yaranmış vəziyyətə nəzarət etməkdə gücsüzlüyünü etiraf edərək deyirdi: "Xalq deyir: - "kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı" - prokurorluqdan, məhkəmədən xahiş edirəm buna cavab versinlər. Bu gün respublika niyə dağılır?".

 

Hadisələri düzgün qiymətləndirə bilməyən iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vaxtda ölkə rəhbərliyinin naşılığı ucbatından iyunun 4-də Gəncədə qardaş qanı töküldü.

 

Xalqın belə bir ağır günündə ilk mərdanə sözü Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvanın Ali Məclisi dedi. Hadisənin ertəsi günü - iyunun 5-də Naxçıvanın deputatları Gəncə hadisələri barədə çox tutarlı, kəskin və obyektiv bir bəyanat verdilər.

 

Azərbaycanın hər yerində olduğu kimi, başı üstünü qara buludlar almış Gəncədə də həmin bəyanat əldən-ələ gəzdi. Bəyanatda deyilirdi: 

 

"Əziz həmvətənlərimiz! Baş vermiş hadisə Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da qəzəb və hiddətlə qarşılanmışdır. Biz bunu müstəqil dövlətçiliyimizə edilən qəsd, yenicə titrək addımlarını atan Azərbaycan dövlətinə arxadan vurulan zərbə hesab edirik.

 

Azərbaycan Respublikasının bir hissəsinin düşmən tapdağında olduğu, dünyanın mütərəqqi dövlətlərinin Azərbaycana diqqətinin artdığı bir dövrdə cinayətkar ünsürlərin törətdiyi qardaş qırğınını təcavüzkar Ermənistanın dəyirmanına su tökmək kimi qiymətləndiririk...

 

 Belə bir ağır şəraitdə biz, Naxçıvan MR-in xalq deputatları, seçicilərimizin fikirlərini ifadə edərək Azərbaycan dövlətçiliyini qorumaq məqsədilə xalqı birliyə çağırırıq!".

 

Bəyanatda ilk öncə mübariz gəncəlilərə müraciət edilərək belə bir qəti inam bildirilirdi ki, qədim Gəncənin qeyrətli övladları, qəhrəman Cavad xanın nəvələri imperiya nökərlərinə lazımi dərs verəcək, müstəqil dövlətimizi göz bəbəyi kimi qoruyacaqlar. Bəli, o günlərdə Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan belə deyir, belə düşünürdü. O vahiməli, o nigaran günlərdə bu bəyanat bütövlükdə Azərbaycan xalqına, ilk növbədə isə gəncəlilərə ümid və inam gətirdi.

 

Bakı isə hələ də susurdu. Əksinə səriştəsizlik, bəd əməlləri ucbatından özlərini itirmiş yuxarı dairələrdə qədim Gəncə əhalisinin köçürülməsi, şəhərin bombardman edilməsi barədə sərsəm fikirlər səslənirdi. İyunun 8-də isə Əbülfəz Elçibəyin Milli Məclisdəki məntiqsiz çıxışı və AXC-nin bəyanatı hamını sarsıtdı. Bu düşünülməmiş avantürist hərəkətlərin məntiqi nəticəsi kimi Gəncə elliklə ayağa qalxdı. Vəziyyətin ciddiliyini nəzərə alan siyasi partiyalar, cəmiyyətlər və digər təşkilatlar iqtidara qarşı etiraz bəyanatı imzaladılar.

 

 Sənəddə deyilirdi: "Prezident Ə.Elçibəyin 08 iyun 1993-cü il tarixdə Milli Məclisdəki çıxışını və onun fikrinin davamı kimi AXC-nin 09 iyun 1993-cü il tarixli bəyanatını vətəndaş müharibəsinə çağırış kimi qiymətləndirərək qətiyyətlə pisləyirik!".

 

O günlərdə Gəncədə aramsız mitinqlər keçirilirdi. Bu mitinqlərdə şəhər əhalisi ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyinin istefasını və Gəncə hadisələrinə siyasi qiymət verilməsini qətiyyətlə tələb edirdi. Mitinqlərin birində bütün Azərbaycan xalqına bu məsələ ilə əlaqədar müraciət qəbul olundu. Müraciətdə deyilirdi:

 

"1. Respublikada siyasi, hərbi və hakimiyyət böhranına səbəb olmuş, torpaqlarımızın işğalına, xalqın ləyaqətli övladlarının məhv edilməsinə, milli ləyaqətimizin ləkələnməsinə bais olan, Azərbaycanda qardaş qırğını törədən, ölkəni vətəndaş müharibəsinə sürükləyən respublika rəhbərliyi tam tərkibdə istefa versin. 

 

  1. Ali Sovetin fövqəladə sessiyası çağırılsın və Gəncədə baş verən hadisələrə siyasi qiymət verilsin.
  2. Törədilən hadisəyə bais olanlar tezliklə cinayət məsuliyyətinə cəlb olunsun.
  3. Respublika əhalisində, habelə Ali Sovetin sessiyasında aydın, obyektiv təsəvvür yaradılması məqsədilə Gəncə hadisələri ilə bağlı çəkilmiş videokasetlər Ali Sovetin sessiyasında nümayiş etdirilməklə birbaşa efir vasitəsilə xalqa çatdırılsın. 
  4. DTK arxivlərini gizli saxlamaqla bu günə kimi 20 noyabr 1991-ci il vertolyot qəzası, Xocalı, Şuşa, Laçın faciələrinin açılmasını təmin etməyən, Kəlbəcər hadisələrini törədən dövlət rəhbərləri bu cinayətlərdə birbaşa təşkilatçı və iştirakçı hesab edilməklə məsuliyyətə cəlb edilsinlər".

 

İqtidar çaşqınlıq içərisində idi. Belə bir mürəkkəb vəziyyətdə iflasa uğramaları ilə barışmalı olan cəbhəçilər də vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Heydər Əliyev bu dövrü belə xatırlayırdı: (YAP-ın I qurultayındakı nitqindən, 23 dekabr 1999-cu il):

 

"1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı.

 

Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

 

Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bu çətin vəziyyətdən ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə hamı qəlbən inanırdı. 

 

Artıq cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, ölkəni düşdüyü bu fəlakətdən ancaq Vətənin böyük oğlu Heydər Əliyevin hakimiyyətə yenidən qayıtması xilas edə bilər. Bunu o dövrkü iqtidar nümayəndələri də yaxşı başa düşür, ancaq vəzifə və kreslo hərisliyi onlara düzgün addım atmağa imkan vermirdi. 

 

İyunun 13-də Heydər Əliyev vəziyyətlə yerində tanış olmaq üçün Gəncə şəhərinə gəldi, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu mahir siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. O, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb, söhbət etdi. Hər şeyi yerli-yataqlı öyrənəndən sonra, iyunun 15-də respublika Milli Məclisinin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: 

 

"Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdır".

 

O dövrdə baş verən mürəkkəb siyasi proseslər fonunda iqtidardakıların səbatsızlığı ucbatından ölkədə yaranmış gərgin şəraitdə tarixin bu acı imtahanı labüd idi. Tanklar üzərində, top-tüfənglə hakimiyyətə gələn cəbhəçilər ölkəni əsla idarə edə bilmir, itaətsizlik, qarət ekspedisiyaları günün reallığına çevrilmişdi. 

 

Separatçılıq meylləri, ölkəyə axın-axın gələn dini ekstremistlər, "bəlkə də qaytardılar" xülyası ilə yaşayan sabiq kommunist rəhbərləri, irticaçı siyasi təşkilatlar öz bəd əməlləri ilə düşmən dəyirmanına su tökür, ölkəmizin ərazi bütövlüyünə ciddi zərbələr vururdular. Torpaqlarımızın dalbadal işğalı, qaçqın və köçkün axını, müxtəlif kəşfiyyat orqanlarının təxribat əməlləri əhalini yormuş, təngə gətirmişdi.

 

İyunun 15-də Heydər Əliyev xalqın təkidli tələbi və yenilməz iradəsi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək".

 

Heydər Əliyevin ölkənin Ali qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında cox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Bu qayıdış Azərbaycan xalqının və dövlətçiliyinin qurtuluşu oldu! 

 

Müstəqilliyimizin, azadlığımızın, dövlətçiliyimizin müqəddəratının həll edildiyi ən böhranlı günlərdə Heydər Əliyevin xalqın iradəsi ilə ölkə rəhbərliyinə yenidən qayıdışı Azərbaycanımızın milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətlərini məhv olmaq təhlükəsindən xilas etdi. Bu, əslində çox çətin və məsuliyyətli bir missiyanı könüllü olaraq öz üzərinə götürərək "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan Böyük Vətən oğlunun xalqı qarşısında misilsiz fədakarlıq nümunəsi idi.

 

Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, ötən əsrin əvvəllərində mövcud olmuş Xalq Cümhuriyyətinin aqibətindən qurtuldu. 

 

Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.

 

Heç də təsadüfi deyildir ki, sonralar müstəqil Azərbaycanın Parlamenti özünün 1997-ci il 27 iyun tarixli qərarı ilə Vətənin Böyük oğlunun ölkə rəhbərliyinə qayıdışı gününü - Azərbaycan xalqının Milli Qurtuluş günü elan etdi. 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu! 

 

Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.

 

 Ölkədə sabitliyin bərqərar olması üçün gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 23 iyul tarixli iclasında parlament Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

 

 Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi. 

 

Heydər Əliyev bu dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü.

 

Avqustun 7-də cənub bölgəsində "Talış-Muğan Respublikası" elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis "Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında" qərar qəbul edərək "Talış-Muğan Respublikası" avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.

 

1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC - Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi. 

 

Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər tezlıklə aradan qaldırıldı. 

 

 Ali Sovetin sədri mədəniyyətin, elmin və təhsilin inkişafına da böyuk diqqət yetirir, alimlərlə, gənclərlə görüşlər keçirir, onlarla ölkənin gələcəyi barədə fikirlərini bölüşürdü. 

 

Parlamentin sədri vəzifəsində fəaliyyət göstərən Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: 

 

"Azərbaycan Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır".

 

Milli Məclisin iyulun 3-də keçirilən iclasında Heydər Əliyev bildirdi ki, o, AXC hökuməti zamanı neft sahəsindəki bütün danışıqları müvəqqəti olaraq dayandırır və hesab edir ki, bu məsələ mütəxəssislər tərəfindən ətraflı öyrənilməli və yalnız onların rəyindən sonra hər hansı bir qərar qəbul edilməlidir və bu zaman Azərbaycan xalqının mənafeyi əsas götürülməlidir. Zaman bu görkəmli dövlət xadiminin haqlı olduğunu bir daha sübut etdi.

 

Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. 

 

Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir ki, 1993-cü il 3 oktyabr Prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Bu seçimlə müstəqillik yolunda Azərbaycan xalqı keyfiyyətcə yeni bir dövrə qədəm qoydu. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı