"Mən COVİD-19-un müalicəsi üçün hansısa dərmanın adını çəksəm, insanlar yenə də həmin dərmanları sürətlə tükətməyə başlayacaqlar. Ona görə də həkim kimi belə yanlışlığa yol verə bilmərəm".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O, həkim tövsiyəsi olmadan hansısa dərmanı almasının təhlükəli olduğunu diqqətə çatdırıb:
"TƏBİB-in müalicə protokoluna daxil olan dərmanlar həkimlər üçündür. Biz həkimlər olaraq, virusun müalicəsində müvafiq protokola uyğun müalicə aparırıq".