Modern.az

Bakıda avtobuslara tələbat ARTIB - Sıxlıq yaranıb

Bakıda avtobuslara tələbat ARTIB - Sıxlıq yaranıb

Aktual

10 İyul 2020, 15:00

Sərt karantin rejiminin tətbiqilə bağlı 4-20 iyul tarixlərində “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti tamamilə dayandırılıb. Bu zaman isə ictimai nəqliyyatın əsas yükü avtobusların üzərinə düşüb. Bir sözlə “Sosial məsafə saxlayın” deyilsə də, sosial məsafə saxlanılması üçün şərait yoxdur...


Məsələ ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev təsdiq edib ki, metronun fəaliyyətinin dayandırılması ilə avtobuslara olan tələbat artıb:

 

“Bu da təbiidir çünki metrodan əlavə fəaliyyətdə olan tək ictimai nəqliyyat növü avtobuslardır. Bunu nəzərə alaraq, müntəzəm xətlərlə yanaşı, sərnişinlərin rahat gediş-gəlişini təmin etmək üçün 7 sayda ekspres marşrut xətlərin fəaliyyəti bərpa edilib.

Bununla yanaşı, sərnişin tələbatını qarşılamaq üçün avtobusların sayı da artırılıb. Əgər iyulun 3-dək gündəlik xəttə 153 marşrut xətti üzrə 1650 avtobus çıxırdısa, hazırda ümumilikdə xəttə 1850-dən artıq avtobus çıxır. Hər gün səhər və axşam zərurət olan istiqamətlərdə eskpres xətlərə əlavə avtobuslar cəlb edilir. Hər gün ekspres xətlər üzrə 70-dən artıq avtobus ehtiyat olaraq cəlb edilir. Bir avtobusun bir xətdən digərinə keçməsi əslində çox çətin bir prosesdir. Ən əsası sürücü marşrut xətti üzrə təlimatlandırılmalıdır. Lakin indiki halda zaman baxımından belə bir rahatlığımız yoxdur. Hər şey çevik olmalıdır. Həmçinin, təhlükəsiz formada icra edilməlidir”.

 

M.Ağayev deyib ki, aprel-may ayları da daxil sərnişindaşımalarında hər hansı bir ciddi qəza halı qeydə alınmayıb:

“Həyata keçirilən əks-epidemik tədbirlər sayəsində bu gün ictimai nəqliyyatın işinin təşkilində zəhməti keçənlər arasında ciddi yoluxma halı yoxdur. Bütün bunlar düzgün idarə etmənin, düzgün yanaşmanın nəticəsidir”.

 

BNA rəsmisinin sözlərinə görə, səhər və axşam saatlarında sərnişin artımı müşahidə olunur:


“Gündəlik qeydə alınan rəqəmlər də hər ötən gün sərnişin səfər sayının orta hesabla 5-6% artıdığını göstərir.

Bu gün həm ekspres, həm müntəzəm xətlər üzrə qeydə alınan sərnişin səfər sayı 940 mindən artıqdır. Qeyd etdiyim kimi, bu rəqəm hər ötən gün də artır.

Metronun fəaliyyət göstərdiyi müddətdə, yəni yəni iyul ayının 3-dək avtobuslarla gündəlik sərnişin səfər sayı isə 824 mindən artıq olub. Həmçinin, ekspres xətlər üzrə avtobusların iş qrafiki də məhz sərnişin tələbatının qarşılanması məqsədi ilə dəyişdirildi.

Yeni qrafikə əsasən ekspres xətlər üzrə avtobuslar 06:30-21:00 rejimində çalışır. Yəni ümumilikdə gündəlik xəttə çıxan avtobus sayı, avtobusların iş qrafiki, intervalının tənzimlənməsi baxımından bütün zəruri addımlar atılır. Bu gün sıxlığın olmaması üçün sərnişinlərimiz tərəfindən də müəyyən addımlar atılmalıdır. İlk olaraq dayanacaqlarda sosial məsafə gözlənilməlidir. Avtobusda sıxlıq varsa, növbəti avtobusu gözləmək lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu