“Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat dünyanın diqqətini bir daha Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Beynəlxalq təşkilatlar verdikləri bəyanatlarda Ermənistanın təxribatını pisləməklə yanaşı, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladılar. Bu da Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin, rəsmi Yeravanın işğalçı olmasının növbəti dəfə tanınması deməkdir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
Deputat vurğulayıb ki, Azərbaycan uzun illərdir bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini ifşa edir: “Bunun nəticəsində BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Şurasının Parlament Assambleyası, Türk Şurası, Avropa Parlamenti və dünyanın başqa nüfuzlu qurumları Azərbaycanın ərazi bütövlüyünü tanıyan qərar və qətnamələr qəbul ediblər. Eyni zamanda dünyanın əksər dövlətləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini bildiriblər, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan ediblər. Bu, ölkəmizin apardığı uğurlu siyasətin nəticəsidir. Eyni zamanda Azərbaycanın haqlı tərəf olması ilə bağlıdır”.
Ü.Quliyev hesab edir ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq hazırda Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq, ifşa etmək daha asandır: “Əvvəla, indi güclü dövlətimiz, Azərbaycanın haqq səsini dünyaya çatdıran diasporamız var. İkincisi, bütün proseslər dünyanın gözü qarşısında baş verir. Kadrlardan da aydın olur ki, təxribatı törədən Ermənistandır. Ona görə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan beynəlxalq sərhədinin Tovuz rayonu istiqamətində hücum cəhdi və növbəti günlərdə davam edən hərbi təxribatı, bölgədə gərginliyin alovlanması və hər iki tərəfdən itkilərin olması beynəlxalq ictimaiyyətin narahatlığına səbəb oldu. Ermənistanın yeni təcavüz aktı ilə əlaqədar müxtəlif dövlətlər tərəfindən ayrılıqda, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bəyanatlar verildi, Ermənistanın hərbi təxribatı pislənildi. Bundan başqa, dünyanın əksər ölkələri də Ermənistanın təxribatına biganə qalmayaraq, bəyanatlar veriblər. Həmin bəyanatlarda sərhəddə baş verən hadisələrdən narahatlıq ifadə olunmaqla yanaşı, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb. Türkiyə, Pakistan isə Ermənistanın təxribatlarını açıq və qəti formada qınayıblar”.
Beynəlxalq təşkilatların Ermənistanın təxribatına verdikləri reaksiyanı müsbət qiymətləndirən deputat hesab edir ki, bu, Azərbaycanın uğurudur: “Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində oldu. Baş verən təxribatla bağlı BMT, Avropa İttifaqı, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamaları ilə yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkətı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli ismarıclar ünvanlanıb. Bütün bunlar isə beynəlxalq aləmdə Ermənistan üçün halqanın xeyli daraldığını deməyə əsas verir. Nə qədər ki rəsmi Yerevan işğalçılıq siyasətindən əl çəkməyib, dünyada qınaq obyekti olmaqda davam edəcək. Azərbaycan Ermənistanın ifşası siyasətini bundan sonra da davam etdirəcək. Eyni zamanda bizim güclü ordumuz var və sərhədin Tovuz istiqamətində erməni təxribatının qarşısının alınması zamanı bunun bir daha şahidi olduq. Bütün bunlar sonda torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək”.