Milli Məclisin deputatı Məşhur Məmmədov ölkə jurnalistlərini Milli Mətbuatın yaranmasının 145-ci ilo dönümü münasibətilə təbrik edib.
Modern.az təbriki təqdim edib.
Bu gün media işçilərinin peşə bayramıdır. 145 il bundan əvvəl görkəmli ziyalı və maarifçi, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə əsası qoyulan milli mətbuatımız ötən müddət ərzində keşməkeşli və şərəfli yol keçib. Düzdü, bu müddət ərzində jurnalistlər bir çox haqsızlıqlara məruz qalıb. Bütün yaşanan çətinliklərə baxmayaraq, mətbuatın işıqlı aydınları heç zaman yorulmadı, xalqa, dövlətə ləyaqətlə xidmət etdi.
Hazırda da milli mətbuatımız ölkəmizin tale yüklü məsələlərində ön sıralardadır. Bu gün necə ki cəbhədə əsgərlərimiz öz silahları ilə torpaqlarımızı, vətənimizi qoruyursa, eləcə də mətbuat nümayəndələrimiz öz silahları olan qələmləri ilə bütün məsələlərdə ön sıralarda dayanırlar. Buna misal kimi son olayları göstərə bilərik. Pandemiya bütün dünyanı ağuşuna alıb. Ancaq jurnalistlərimiz heç nədən çəkinmədən işlərinin başındadır. Ən ağır dönəmlərdə polislər və həkimlərlə yanaşı mətbuat işçiləri də xəstəlikdən qorxmayaraq, canlarını riskə ataraq daim vətəndaşları məlumatlandırmaq üçün əllərindən gələni etdilər. Nəticədə onlar da qlobal düşmənlə mübarizədə cəmiyyətimiz üçün mühüm rol oynadılar. Eləcə də, son günlər cəbhənin Tovuz istiqamətində gedən döyüşləri misal göstərmək olar. Tovuz rayonu ərazisindəki son hərbi təxribatı zamanı müxbirlər ən son hadisələri, cəbhədə baş verənləri elə döyüş bölgəsindən insanlarımıza çatdırmaqla, operativ şəkildə onların məlumatlanmasına imkan yaratdılar. Bir daha hər birinizi təbrik edirəm, əziz media işçiləri! Arzu edirəm ki, qısa vaxt ərzində onların manşet xəbərlərində Qarabağımızın azad olunması ilə bağlı xəbərlər yer alsın. Bir daha bayramınız mübarək!!!
Məşhur Məmmədov Milli Məclisin deputatı