Regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, Neftçala Rayon İcra Hakimiyyətin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Neftçala rayonunda Yenikənd - Qırmızı Şəfəq - 1 nömrəli Mayak - Sübh kənd yolunun əsaslı təmiri davam etdirilir.⠀
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, sözügedən yol uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb:
“Nəticədə yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarma və çalalar əmələ gəlib. Bu səbəbdən əsaslı şəkildə təmirinə zərurət yaranıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yenikənd - Qırmızı Şəfəq - 1 nömrəli Mayak - Sübh kənd yolunun əsaslı təmirinə start verilib.
Hazırda yol boyu asfaltlama işləri davam etdirilir. Texnoloji ardıcıllığa uyğun olaraq aparılan bərpa işləri zamanı yolun 6 metr enində hərəkət hissəsi nəzərə alınmaqla 9 km uzunluğunda yeni asfalt örtüyünün yaradılması nəzərdə tutulub ki, artıq bu yolun 2,5 km-i bərpa edilərək asfaltlanıb. Görülən bərpa və təmir işləri üçün 10 ədəd texnika və 13 nəfərlik işçi heyəti cəlb olunub. Hal-hazırda təmir-bərpa işləri davam etdirilməkdədir”.