Modern.az

Az ye, sağlam ol – Məsləhət

Az ye, sağlam ol – Məsləhət

Aktual

30 İyun 2012, 13:02

Həkimlərin tövsiyəsi niyə dəyişib?

Son dövrlərdə insanların qidalanması, həm də düzgün qidalanması aktual mövzuya çevrilib. Əvvəllər həkimə müraciət etdikdə həkim pasiyentinə yeməyinə korluq verməməyi tövsiyə edirdisə, indi tam əksinə, sağlamlığını qorumaq istəyirsə, az yeməyi məsləhət görür. Hələ üstəlik, bir sıra ərzaqlardan bir yolluq imtina etməyi onların qarşısına tələb kimi qoyur. Artıq həkimlər də qida rasionumuzun anormal olması ilə bağlı həyəcan təbili çalır.

Modern.az bunun səbini araşdırmaq məqsədi ilə  mütəxəssislərə müraciət edib.

Deputat Musa Quliyev həkimlərin bu cür tələbini ərzaqların keyfiyyətinin istənilən səviyyədə olmaması ilə izah edir. Onun sözlərinə görə, indikindən fərqli olaraq, əvvəllər insanların qida rasionunu təşkil edən ərzaqlar daha təbii və keyfiyyətli olub. “Ərzaqların çeşidləri artıb və onların içərisində insan orqanizmi üçün xeyirli olmayan maddələr çoxalıb. Bu cür ərzaqların  tərkibində kimyəvi qatqılar, hormonlar artıb. Elə məhsullar var ki, onlar genetik modifikasiyaya məruz qalır. Bəzi qidalar insan orqanizmində xolesterinin, şəkərin miqdarının artmağına səbəb olur. Əvvəllər təbii ki, bu qidalar yox idi. İndi sintetik, hormonlu qidalar çoxdur. Ərzaqların keyfiyyətinin itməsinə bütün bunların da öz təsiri var”.

Terapevt Surxay Musayev isə deputatdan fərqli olaraq, həkimlərin pasiyentlərə bu cür məsləhət görməsini insanların passiv həyat keçirməsində görür. “Əvvəllər insanlar hərəkət baxımından daha fəal idilər. İnsanlar daha çox gəzirdilər, fiziki işlə məşğul olurdular. Qəbul olunan kalorini orqanizmdə sərf edə bilirdilər. İndi insanlar hətta evdə adicə televizora  baxanda belə tənbəllik edib ayağa qalxmırlar. Amma əvvəllər heç pultda yox idi. İndi insanlar işdə də oturur evə gələndə də televizor qarşısında oturur, əlindəki pultla televizorun qabağına getməyə də ərinir. Küçənin o tərəfindən bu tərəfinə maşınla gedirlər. Yəni hərəkətsizlik yaranıbdır. Təbii ki, buna görə də bu saat enerjinin yandırılması məsələsində problem var. İnsan orqanizmində çəki yaranır. Və bu çəkiyə, təbii ki, mənfi təsir göstərir”.

S. Musayev onu da bildirib ki, yeməmək də ağır xəstəliklər əmələ gətirir. İnsan normal qidalanmalıdır. “Hər kəs öz rejimini bilməlidir və səhər, günorta qidalanması normal, axşam qidası isə bir qədər zəif olmalıdır ki, orqanizmə istirahət verəsən. Yeməmək də orqanizmdə qidalanma pozğunluğuna gətirib çıxara bilər. Sadəcə, hansı yaşda, nəyi qəbul etməlidir bunu bilməlidir və həkimlər də düz yol göstərməlidirlər. İnsan yeməsə onun orqanizmində olan hüceyrələrində ömrünü qısaltmış olur. Daxil olan enerji ilə xaric olan enerji arasında bir balans olmalıdır. Eyni zamanda insanlar reklam olunan dərmanlardan ehtiyatlı olsunlar. Çünki o dərmanların fəsadları sonradan ortaya çıxır”.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!