Modern.az

Gəlirəm

Gəlirəm

Aktual

9 Yanvar 2021, 10:45

Son günlər sosial şəbəkələrdə şəhidlərimizin qanı bahasına və qazilərimizin hünəri sayəsində düşmən tapdağından azad edilən ulu yurd yelərimizə qayıtmaq istəməyənləri qınayan yazıların sayı anban artmaqdadır. Bəzilərini bilmirəm, Allahın izniylə şəxsən mən özüm iyirmi səkkiz ilə yaxın həsrətini çəkdiyim  Cəbrayıla qayıdanların ilk sıralarında qoşulacağam. İnşallah hamınız o əziz günün şahidi olacaqsınız...

 

Halallıq ver gedim, Kürüm,

Gözləyir Qurbanim, Pərim.

Xudafərin nazlı Dirim –

Araz ünvanlım, gəlirəm.

 

Ulu Tanrım verdi aman,

Xar oldu savaşda “yaman”.

Haqq evim Hacı Qaraman –

Səbri gümanlım, gəlirəm.

 

Cəbrayılım - ata elim,

Açıq alnım, “uzun” dilim.

Sona çatıb ta nisgilim –

Şərəflim-şanlım, gəlirəm.

 

Teyim, Qalam, Ziyaratım,

Şanım-şöhrətim, urvatım.

Büllur Kəhriz toy-büsatım –

Tarım-kamanlım, gəlirəm.

 

Yovşan ətirli Gəyənim,

Ərəni-mərdi öyənim.

Geriyə qayıt deyənim –

 Düşmənlə qanlım, gəlirəm.

 

Tumasatam, Ağoğlanım,

Ta sızlamaz bir də canım.

Gordubabam, adım-sanım –

Yazı dumanlım, gəlirəm.

 

Əsiri olmadım yadın,

Damağımda qalıb dadın.

Dilimdən düşməyib adın –

Böyük Mərcanlım, gəlirəm.

                    
 
08.01.2021

  
İsmayıl Mərcanlı İMANZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV