Modern.az

Kəlbəcərə tələsən ruh

Kəlbəcərə tələsən ruh

Aktual

9 Yanvar 2021, 14:23

Dünyanı ağuşuna almış koronovirus dalğasının ağır nəticələrini artıq özümüz qədər bizlərə yaxın olan insanların itkisi ilə hiss edirik. Belə dəyərli insanlardan biri – Sumqayıt Şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov koronavirus adlı qatilin qurban seçdiklərindən oldu.

 

Musa Həsənov 2 noyabr 1963-cü ildə Kəlbəcər rayonunun Bəylik kəndində anadan olmuşdu. 1979-cu ildə Kəlbəcər rayonunun Qılınclı kənd tam orta məktəbini bitirmişdi.

1984-cü ildə əmək fəaliyyətinə Sumqayıt “Superfosfat” zavodunda fəhlə kimi başlayan Musa Həsənov həmin zavodun komsomol komitəsinin katibi vəzifəsinədək yüksəlmişdi. Daha sonra Sumqayıt Şəhər Komsomol Komitəsində şöbə müdiri, Azərbaycan Gənclər İttifaqı Şəhər Məclisinin sədri vəzifələrində çalışmışdı.

 

1994-2014-cü illərdə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinə rəhbərlik etmişdir. Dövlət Qulluğunun kiçik müşaviridir. 1998-2013-cü illərdə Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvü olmuşdur. Yüksək təşkilatçılıq və peşəkar idarəetmə qabiliyyətinə malik olan M.Həsənov ölkəmizin müstəqilliyinin inkişafı və möhkəmləndirilməsi uğrunda ən çətin dövrlərdə vətənə, dövlətə sədaqətlə xidmət edərək gördüyü işlər və həyata keçirdiyi tədbirlər sayəsində şəhərin tarixində silinməz izlər qoyub. Onun bu sahəyə rəhbərliyi dövründə Sumqayıt gəncləri müxtəlif sahələrdə yüksək nəticələrə imza atmışlar. Rəhbərlik etdiyi sahələrdə dövlət siyasətini həssaslıqla yerinə yetirməyə çalışan M.Həsənovun olduqca ədalətli və obyektiv yanaşması nəticəsində Şəhriyar, Zeynəb, Türkan Məmmədyarovlar, İlham Zəkiyev, Fuad Aslanov, Şahin İmranov, Rəfael Ağayev, Niyaməddin Paşayev, Elxan Rəcəbli, Elvin Məmişzadə – bütövlükdə 90-a yaxın Sumqayıt idmançısı Avropa və Dünya birincilikləri, çempionatları və kubok yarışlarının qalibi adını qazanmışlar. “Heydər Əliyev və Sumqayıt”, “Azərbaycan tarixində Sumqayıt adı”, Şəhərin idman tarixindən bəhs edən “Qələbəyə aparan yol”, “Sumqayıt gəncləri 1995-2005-ci”, “2006-2010-cu”, “2011-2016-cı illərdə”, eyni zamanda 1988-ci ildə Sumqayıtda törədilən hadisələrlə bağlı dörd dildə (ingilis, fransız, alman, rus) nəşr olunmuş onlarla kitab, film və albomlar M.Həsənovun şəxsi təşəbbüsü və təşkilatçılığı ilə işıq üzü görmüş və geniş ictimaiyyətə təqdim edilmişdi.

2007-ci ildə Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş “Gənc İstedadlara Dəstək Fondu”nu təsis etmiş və Fondun xətti ilə şəhər və respublika əhəmiyyətli bir sıra layihələr həyata keçirilmişdi.

M.Həsənovun əməyi ölkə və şəhər rəhbərliyi tərəfindən daima yüksək qiymətləndirilmiş, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 dekabr tarixli sərəncamı ilə “Tərəqqi” medalına, 2014-cü il 19 dekabr tarixli sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” adına layiq görülmüşdür.

 

2014-cü ilin dekabr ayının 23-də Sumqayıt Bələdiyyəsinə üzv, Sumqayıt Bələdiyyəsinin 2015- ci il 21 yanvar tarixli ilk iclasında isə Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib. 2019-cu ilin dekabrından etibarən Sumqayıt Bələdiyyəsinin üzvü, 2020-ci ilin yanvarından isə Sumqayıt Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olub.

Musa Həsənov olduqca vətənpərvər, saf, səmimi, elinə-obasına hörmət qazandıran insanlardan idi. Kəlbəcər rayonunun erməni hərbi birləşmələrinin azad olunmasından bir ay dörd gün sonra, gecə və gündüz həsrəti ilə yaşadığı, öz dədə-baba yurduna qovuşmadan dünyasını dəyişdi. Bu çox ağır bir itki oldu. Həm də anasının vəfatından az vaxt keçmişdir.

 

Vaxtsız gələn ölüm Musa müəllimi yaxınlarından, dostlarından ayırdı. Ömrün sonunda taleyin verdiyi tək macal isə illərlə həsrətində olduğu dogma Kəlbəcərinin işğaldan azad edilməsi xəbərini eşitməsi oldu. Doğma yurda yenidən ayaq basmağa tale vəfa etməsə də, Musa müəllimin narahat ruhunun bu gün Kəlbəcər göylərində dolaşdığı mübaliğəsizdir.

 

Musa Həsənovun əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV