Artıq idman Azərbaycan vətəndaşının həyatına möhkəm daxil olub:
Ölkə üzrə tikilmiş 36 müasir Olimpiya idman kompleksləri ilə;
İdmançılarımızın dünya və Avropa birinciliyində, beynəlxalq yarışlarda qazandıqları qələbələrlə;
Beynəlxalq idman yarışlarının, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatının Bakıda keçirilməsi sayəsində paytaxtımızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi ilə.
Azərbaycan idmançısının Olimpiya idman oyunlarında uğurları daha heç kəsi təəccübləndirmir!
Hamı buna normal və qanunauyğun hal kimi baxır!
Müstəqillik dövründə ölkəmiz beş Olimpiya Oyunlarında iştirak etmişdir.
İlk dəfə - XXV Atlanta Yay Olimpiya Oyunlarında bir gümüş medal qazanmışdıqsa, sonuncuda - XXX London Yay Olimpiya Oyunlarında daha yüksək əyarlı - ikisi qızıl, ikisi gümüş olmaqla on medala sahib çıxdıq!
Bu gün də hər birimiz Olimpiya Oyunlarındakı möhtəşəm qələbəmizin xoş təəssüratları ilə yaşayırıq!
Qazanılan uğurlar təkcə ayrı-ayrı idmançılara deyil, hamımıza məxsusdur!
İndi mavi ekran qarşısında əyləşərkən dadsız-duzsuz şou proqramları yox, idman yarışlarını axtarırıq, onlara baxırıq!
Dünya arenalarında yarışan "özümüzünküləri" tapırıq, onlara azarkeşlik edirik!
İstəyimiz birdir: hansı idman növü olursa-olsun, fərq etməz! Təki "bizimkilər" qalib gəlsinlər, bayrağımızı qaldırıb, himnimizi səsləndirsinlər!
Amma idman oyunlarının "şahı" da var, bütün dünya onu məhz belə qəbul edir!
BU FUTBOLDUR!
Futbol yaşından, cinsindən, milliyyətindən və irqindən asılı olmayaraq hamının sevdiyi oyundur!
İnsanları ən çox həyəcanlandıran, ən çox sevindirən və bəzən ən çox kədərləndirən də futboldur!
Heç bir idman növü on minlərlə azarkeşi bir yerə yığa bilmir!
Heç bir idman növü milyonlarla insanı saatyarım televizorun qabağında saxlaya bilmir!
Heç bir idman növü bu qədər kütləvi və həm də əlçatan deyil!
Amma futbolun bir neçə "əmması" da var!
Futbol kollektiv oyundur, biz isə təkbətək yarışanda güclüyük!
Futbol liderləri sevən oyundur, bizdə futbol liderləri az-az yetişir!
Futbol böyük qayğı və vəsait sevir, bizim sponsorlar isə futbola əvəzini tezliklə neçə qat götürməyə təminat olmadan pul qoymaq istəmirlər!
Müstəqillik dövründə idmanın bütün növləri sürətlə inkişaf edib.
İdmançılarımız beynəlxalq yarışlarda müxtəlif əyarlı medallar qazanaraq reytinq cədvəllərində xeyli irəliləyiblər.
Bircə futboldan başqa!
Burada bir-iki pillə irəliləsək də, sonralar təzədən geriyə yuvarlanırıq.
Hər komandada çoxsaylı legionerlər oynayır. Amma "çifayda"!
Bəh-bəhlə gətirdiklərimiz çox keçmədən özümüzünkülərin tayı olur.
Hakim ədalətsizliyi, meydançada dava-dalaş, "şübhəli qərarlar" söz-söhbəti ara vermir.
Futbolun bir "bəlası" da var: "doğma divarlar"!
Hər komanda öz meydançasında, öz azarkeşləri qarşısında daha yaxşı oynayaraq yüksək nəticə göstərir. Odur ki, bəzən azarkeşlərə "on ikinci" oyunçu da deyirlər!
Elə ki komanda rəqib meydanına getdi, heç kəs ondan yaxşı nəticə gözləmir!
Bizimkilər isə nə rəqib, nə də öz meydançalarında sabit, fərli oyun nümayiş etdirə bilmirlər!
Müstəqilliyi bərpa edəndən nə qədər eksperiment keçirsək də, optimal nəticəyə gələ bilməmişik. Klub komandaları yığmadan betər, yığma komandamız klublardan! Güman qalıb uşaq futbol məktəblərində yetişən yeniyetmələrə! Əgər onlar böyüyəndə korlanmasalar, yəqin ki biz yaxın illərdə yaxşı futbol və həm də qələbə görə biləcəyik!
İndi isə ümid etməkdən başqa azarkeşlərin əlindən bir şey gəlmir!
Bəziləri belə hesab edirlər ki, idmançıları, xüsusən də futbolçuları tənqid etmək olmaz, ruhdan düşərlər!
Elə nöqsanlarına göz yumaraq tərifləyə-tərifləyə evlərini yıxmışıq da!
Yaxşı ilə pisə fərq qoymasan, yaxşının yaxşılığını, zəifin isə nöqsanlarını kim bilib söyləyəcək və düzəldəcək!
Həyatdakı gerçəkliklər idmanda da əksini tapır! Gerçəklik isə budur ki, Azərbaycanın 20 faiz ərazisi işğal olunub.
Ölkəmizdə bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşayır.
Bu insanların arasında bütün sənət sahibləri - müəllimlər, həkimlər, mühəndislər, ayrı-ayrı peşələrdə çalışanlar və idmançılar da var!
Hətta idman komandaları da. Məsələn, Ağdamın "Qarabağ" futbol klubu özgə qapılarında məcburi köçkün həyatı yaşayır!
Qaçqın və məcburi köçkünlərin dövlətin himayəsinə ciddi ehtiyacı var və Azərbaycan iqtidarı daim bu qəbildən olan insanlara maddi və mənəvi cəhətdən dayaq durur.
"Qarabağ"ın da sponsor köməyinə ehtiyacı var!
Amma bu sponsor ona idman uğurları qazanmaqda kömək etməlidir!
Daha doğma azarkeşlərdən ayırıb Qarabağa həsrət qoymalı deyil!
Bu məqamda bir suala aydınlıq gətirməyə çalışaq: SPONSOR KOMANDANIN AĞASIDIR, YOXSA QAYĞIKEŞİ?
Çox çətin sualdır?
Əslində pulu kim verirsə, musiqini də o, sifariş etməlidir!
Amma bu məsələdə (deyəsən, yazıda "amma" sözündən çox istifadə edirik) başqa məqamlar da özünü büruzə verir!
Dövlətin xüsusi idman siyasəti var və hamı həmin siyasətin gerçəkləşməsinə dəstək verməlidir!
Prezident Azərbaycanda futbolun inkişafı ilə bağlı Dövlət Proqramını imzalayıb: həmin proqram yerinə yetirilməlidir!
Sponsor isə komandanın yaxşı oynamasına normal şərait yaratmalıdır, özü stadiondankənar oyunların iştirakçısına çevrilməli deyil!
Məcburi köçkünlər çox şeylərini - evlərini, əmlaklarını, doğma yurdlarını, əzizlərinin uyuduqları qəbiristanlıqlarını itiriblər!
Amma mənliklərini və ləyaqətlərini, bir də doğma komandaları sayılan "Qarabağ"a azarkeşlik etmək istəklərini yox!
Bu gün Quzanlı qəsəbəsi üçdə iki hissəsi düşmən işğalında qalan Ağdamın mərkəzi funksiyasını daşıyır! İşğaldan əvvəl bu bölgədə 30 min əhali yaşayırdı. Sonra daha 30 min məcburi köçkün pənah gətirdi. Son ildə dövlətin qayğısı sayəsində 17 yeni tipli qəsəbə salınmış, çadır şəhərciklərində, vaqonlarda və ictimai binalarda məskunlaşan məcburi köçkünlər təzə tikilən evlərdə yerləşdirilmiş, beləliklə, əhalinin sayı 90 min nəfərə çatmışdır.
Quzanlı Olimpiya İdman Kompleksi kənddə tikilmiş ilk belə qurğudur.
Həm də düşmənlə təmas xəttində, düşmənlə bir neçə kilometrlik məsafədə!
Burada yüzlərlə işsiz insan yaşayır!
Burada yüzlərlə yeniyetmə futbolçu olmaq arzusu ilə top qovur!
Burada "Qarabağ"ın köhnə və yeni azarkeşləri sevimli komandasının nəfəsini duymaq istəyir!
Amma vaxtaşırı komandanın rəhbərliyi məcburi köçkünlərə arxa çevirərək "Qarabağ"ı paytaxt komandası etmək istəyir. NİYƏ? NƏ SƏBƏBƏ?
Dünyanın hər yerində futbol klublarını sponsorlar yaşadır.
"Qarabağ"ın sponsoru isə "Azərsun" holdinqdir.
"Qarabağ" elə bir komanda deyil ki, sponsoruna xeyir versin, milyonlarla manat gəlir gətirsin!
"Azərsun" holdinq də elə durumda deyil ki, "Qarabağ"dan gələn gəlirə göz diksin, yaxud bir futbol klubuna sponsorluq etməklə kasıb düşərək müflisləşsin!
Amma komanda ilə klub rəhbərliyi arasında özünü açıq şəkildə büruzə verən xoşagəlməyən, qeyri-səmimi münasibətlər yaranıb.
Həm də bu münasibətlər klub rəhbərliyi ilə Ağdam RİH-nin münasibətlərinə də təsirsiz ötüşməyib. Hələlik üstüörtülü şəkildə davam edən münasibətlərin kökündə "Quzanlı stadionunu kim hazır vəziyyətdə saxlamalıdır" - mübahisəsidir!
Əmrah Çəlikəl belə hesab edir ki, Olimpiya İdman Kompleksi Quzanlıda yerləşdiyinə görə onu Ağdam RİH-i normal vəziyyətdə saxlamalıdır.
Quzanlı Olimpiya İdman Kompleksi Ağdam RİH-nin balansında deyil!
Dövlət qurumuna stadionu saxlamaq üçün Maliyyə Nazirliyi tərəfindən tələb olunan miqdarda vəsait ayrılmır. Ağdam RİH-ni isə hərdənbir, məsələn, ötən ildəki kimi, "daxili imkanlar hesabına" kompleksi normal vəziyyətə gətirə bilər. Daimi qulluq isə imkan xaricindədir!
Ağdam rayon rəhbərliyi belə hesab edir ki, klubun sponsoru komandanın təlim məşqi və yarışması üçün şərait yaradılmasının da maliyyəsini təmin etməlidir.
Amma klub rəhbərliyi inadla bu missiyanı yerinə yetirməkdən yaxasını geri çəkir və Suraxanı qəsəbəsindəki stadiona sonsuz həvəslə can atır! NİYƏ? BUNUN KÖKÜNDƏ NƏ DAYANIR?
Əgər stadiona vəsait ayrılırsa, onda klub rəhbərliyi üçün həmin pulun hansı stadiona xərclənməsinin nə fərqi? Təki komanda normal şəraitdə oynayıb dincəlsin. Yox, əgər vəsaitin məhz Suraxanı stadionu üçün ayrılması prinsipial məqamdırsa, onda bu "prinsipin" arxasında gizlənən nədir?
"Azərsun"un ağdamlılardan kömək umması və Suraxanıya inadla üz tutması mübahisənin kritik məqamıdır. Yerdə qalan bütün bəhanələr:
Quzanlı stadionu yarış keçirməyə yaramır;
Olimpiya İdman Kompleksində idmançılar üçün yaxşı şərait yoxdur;
Futbolçularımız oynamaqdan ötrü Ağdama gedib-gələndə yorulurlar - sözləri cığallıqdan başqa bir şey deyil!
"Azərsun"un ağdamlılardan kömək gözləməsi, Quzanlıdakı stadionun saxlanmasını yerli rəhbərliyin boynuna qoymağa çalışması absurddur!
Deyir, acın nəyi var ki, yalavaca nə versin?
"Azərsun" öz qazancına və imkanlarına baxıb sonra 90 min əhalisinin 60 min nəfəri məcburi köçkün olan Ağdamdan kömək gözləsin!
Dövlət başçısı 2012-ci ili "İdman ili" elan edib. İdman Azərbaycanda gənclər siyasətinin tərkib hissəsidir. Yeni nəslin sağlam böyüməsində əsas amil, ölkəmizin dünyaya təqdiminin elementi sayılır.
Azərbaycana para qazanmağa gələn hər bir şirkət dövlət siyasətinə dəstək verməli, ümumi qaydalar əsasında fəaliyyət göstərməlidir, öz hikkəsini yeritməyə çalışmalı deyil!
Məcburi köçkünlər ən həssas sosial təbəqədir. Dövlət doğma el-obasından didərgin düşmüş insanlara xüsusi diqqət və qayğı göstərir. O insanlar təkcə ev-eşiklərini yox, İmarət adlı tarixi məkanı, sevimli futbol komandasının oynadığı stadionu da itiriblər! İndi Qarabağın adını daşıyan komandasını, Prezidentin ona hədiyyə etdiyi stadionda öz komandasına azarkeşlik etmək imkanını da itirməli deyil!
Sponsor ağa deyil! İdmana hamilik edən, onun inkişafına yardım göstərən qurumdur, insandır. Məcburi köçkünlərlə ağa ədası ilə davranmaq da yersizdir!
Höcət eləmək, idman azarkeşləri ilə çəpinə çəkmək düzgün mövqe deyil! Onlara doğru addım atmaq, "Qarabağ"ı Qarabağa, düşmən sərhədinin beş addımlığında tikilmiş Quzanlı stadionuna qaytarmaq lazımdır!
Bu, təkcə məcburi köçkünün istəyinə yox, həm də dövlətin idman siyasətinin prinsiplərinə uyğundur!
Bəxtiyar SADIQOV
“Azərbaycan” qəzeti