Bəzi kütləvi informasiya vasitələrində Sumqayıt şəhərində qanunsuz olaraq 2 ağacın kəsilməsi nəticəsində 2 min 700 manat məbləğində ziyan dəyməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, bununla bağlı, ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb:
"Məlum olub ki, Sumqayıt şəhəri, Sülh küçəsində köküstə yaş halda 1 ədəd sərv və 1 ədəd şam ağacları kəsilib məhv edilmiş və nəticədə təbiətə 3 min manat məbləğində ziyan dəyib.
29 may 2021-ci il tarixdə fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması şəhər Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb
Hazırda iş üzrə istintaq aparılmaqla təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri təmin ediləcək".