Modern.az

Azərbaycanda uşaqların “TikTok”dan istifadəsi qadağan olunmalıdır! - Ekspert

Azərbaycanda uşaqların “TikTok”dan istifadəsi qadağan olunmalıdır! - Ekspert

Aktual

29 İyun 2021, 15:14

Pakistan vətəndaşı əxlaqsız kontent səbəbindən “TikTok”a qarşı məhkəmə iddiası qaldırıb.

İddiada sosial şəbəkənin İslamın hökmlərinə və Pakistan mədəniyyətinə zidd olan siyasət yeritdiyi bildirilib. Xüsusən də, “TikTok” tərəfindən LGBT-nin təbliğinin milli mənəvi dəyərlərə əks olduğu qeyd edilib.

Pakistan məhkəməsi ölkədə “TikTok” sosial şəbəkəsinin iyulun 8-dək qadağan olunması barədə qərar çıxarıb.

Eyni zamanda, bundan öncə ötən ilin oktyabrında “TikTok”a qarşı Pakistan Telekommunikasiya Agentliyi tərəfindən də “əxlaqsız kontent” səbəbilə müvəqqəti qadağa tətbiq olunmuşdu.

Pakistandan öncə isə 2020-ci ilin martın 11-dən aprelin 1-dək adıçəkilən şəbəkə Hindistan məhkəməsi tərəfindən qadağan edilmişdi.


Maraqlıdır, “TikTok” sosial şəbəkəsi Azərbaycanda da qadağan oluna bilərmi? Adıçəkilən sosial şəbəkənin hansı zərərləri var?


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a “TikTok”un zərərindən danışıb, deyib ki,  qanunvericiliyə əsasən uşaqların “TikTok”dan istifadəsi qadağan olunmalıdır:

“Uşaqlar arasında bu cür tendensiya dünyanın müxtəlif ölkələrində var. O cümlədən, Azərbaycanda da zaman-zaman biz bununla bağlı münasibətlər bildirmişik. Hamı üçün aydın olan bir həqiqətdir ki, bizim mövcud qanunvericiliyə görə, “Tik Tok” uşaqlar üçün qadağan olunmalıdır.

Azərbaycanda uşaqların qorunması ilə bağlı qanunvericilik var. Son illərdə qəbul olunan qanunlardan biri də uşaqların zərərli informasiyalardan qorunmasıdır. Həmin qanunun müddəalarına görə, “TikTok” uşaqların istifadəsi üçün məhdudlaşdırılmalıdır. Yəni “TikTok”da uşaqların psixologiyasına, əqli inkişafına təsir edəcək, səhv qərarlar verməsinə yola açacaq kifayət qədər informasiyalar var”.


AİF prezidenti düşünür ki, Azərbaycanda azyaşlıların sosial şəbəkələrdə təhlükəsizlik məsələsi təhsildə həll edilib:


“Dünyada bununla bağlı birmənalı fikir yoxdur. Məsələn, Avropa Çempionatı keçirilir və onun baş sponsoru “TikTok”dur. Bunun səbəbi ondadır ki, inkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internetdə təhlükəsizliyinin qorunması üçün yetərincə addımlar atılıb, mexanizmlər müəyyən olunub. İnkişaf etmiş ölkələrin əksəriyyəti uşaqların internetdən istifadədə olan problemləri 5-10 il öncə hökumət, provayderlər, vətəndaş cəmiyyəti, valideynlər, uşaq təşkilatları, təhsil sahəsi birləşib həll ediblər. Buna görə də həmin ölkələrdə “TikTok” o qədər də təhlükə törətmir.

Amma Azərbaycanda hələ ki bu problemlər indi işıqlandırılır. Bir nüansı qeyd edə bilərəm ki, biz bu problemi təhsildə həll etmişik. Necə Avropa bu problemi cəmiyyətdə həll edibsə, biz də təhsildə həll etmişik. Bütün təhsil sektoruna gedən internet xüsusi proqram təminatı ilə süzgəcdən keçirilir”.


Osman Gündüz eyni zamanda “TikTok”u kökündən baltalamağın düzgün olmadığını bildirib:


“Bəzi valideyinlərin rəqəmsal savadlılığı yetərli deyil. Ona görə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, valideyn qurumları birləşib bu məsələni həll etməlidirlər. Elə təşkilat, qurumlar var ki, onlar “TikTok”dan istifadə edib, pullar qazanırlar. Bu biznes sektoru üçün anlaşılandır. Təbii ki, “TikTok”u kökündən baltalamaq da düzgün addım deyil.

Eyni zamanda, digər sosial şəbəkələrdə də uşaqlarla bağlı təhlükəsizlik qorunmur. Amma onlar “TikTok” sosial platforması qədər populyar deyil. Aidiyyatı qurumlar öncə “TikTok” barədə addımlar atsa, daha yaxşı olar”.



Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?