Modern.az

Sabunçu Rayon Ağsaqqallar Şurasına yeni sədr seçildi - FOTO

Sabunçu Rayon Ağsaqqallar Şurasına yeni sədr seçildi - FOTO

Aktual

30 İyun 2021, 17:00

Azərbaycan Ağsaqqallar Şurasının yerli qurumlarında təşkilati məsələlərlə bağlı tədbirlərin keçirilməsi yekunlaşır.

 

Modern.az xəbər verir ki, iyunun 30-da Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin iştirakı ilə Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

 

Pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına uyğun şəkildə məhdud tərkibdə keçirilən bu toplantıda ağsaqqallarla yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçisi Kamal Əliyev və rayon ziyalıları da iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün  önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

 

Toplantıda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, mükəmməl ordu quruculuğundan, ölkəmizin hərtərəfli inkişafından bəhs edib. Bildirilib ki, xalqımızın yüksək vətənpərvərlik ruhu ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və onun başçılığı altında rəşadətli Ordumuzun nümayiş etdirdiyi möhtəşəm döyüş əzmi nəticəsində işğal altında olan müqəddəs torpaqlarımız qısa müddətdə - 44 gün ərzində azad edilib. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin həyatında yeni mərhələnin başlandığını vurğulayan Eldar Quliyev işğaldan azad edilmiş torpaqlarımızın bərpasından, quruculuqdan, inkişafdan, Qarabağdan məcburi köçkün düşmüş əhalinin orada məskunlaşdırılmasının əsas hədəflər sırasında olduğundan söhbət açıb. Qeyd olunub ki, bu hədəflərə çatmaq üçün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxşaxəli, böyük əmək, vəsait və zaman tələb edən möhtəşəm işlər həyata keçirilir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin daşıdığı böyük əhəmiyyətdən də bəhs edən Eldar Quliyev iki qardaş dövlətin müttəfiqlik münasibətlərinin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi fikri müstəvisində uğurla həyata keçirildiyini vurğulayıb. Sonra ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərdən söz açan natiq bildirib ki, hazırda Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ölkənin ağsaqqal və ziyalılarını diqqətdə saxlayır, onlara yüksək qayğı göstərirlər. Həmçinin ağsaqqalların üzərinə düşən məsuliyyətdən bəhs edərək, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Eldar Quliyev qeyd edib ki, hazırda Azərbaycan Ağsaqqallar Şurası öz məhsuldar fəaliyyətini davam etdirir. Artıq şəhər və rayon ağsaqqallar şuralarında təşkilati məsələlərə bağlı keçirilən hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Şuranın yeni Nizamnaməsi qəbul edilib və rayonlar üçün hazırlanmış Əsasnamələr hal-hazırda qəbul olunur. Bundan əlavə, İdarə Heyətində 2021-2023-cü illər üçün Şuranın iş planı hazırlanıb və həyata keçirilir.

 

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və digər natiqlər ağsaqqalların rayonun, o cümlədən ölkəmizin ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onlara göstərilən diqqət və qayğıdan bəhs edərək  gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın  olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizin hər bir yerində  olduğu kimi Sabunçu rayonunda da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılığı ilə həyata keçirilən hərtərəfli inkişaf prosesində ağsaqqalların böyük əməyi vardır.  Rayonun sosial-iqtisadi inkişafında onların hər birinin fəaliyyəti danılmazdır.

 

Sonra təşkilati məsələlərə baxılıb, Sabunçu Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib, həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Səməndər Məmmədov Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

 

Sonda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev və başqaları Sabunçu Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş heyətini təbrik edərək, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı