Modern.az

Narkomanların təsirindən necə qorunmalı...

Narkomanların təsirindən necə qorunmalı...

Aktual

12 İyul 2021, 15:04

Son zamanlar narkotik vasitələrdən istifadə edənlərin sayı getdikcə artır. Bu artım insanlarda qorxu yaradır.
Ötən il Azərbaycanda narkotik maddələrin qeyri-qanuni becərilməsi, saxlanması və satışı ilə bağlı 1762 fakt aşkar edilib və 5785 nəfər həbs olunub. Narkotik istifadəçilərindən 3289 nəfərinə məcburi müalicə təyin edilib. Hər il bu say dayanmadan artır. Bəs “ağ ölüm” adlandırdığımız bəladan necə qoruna bilərik?

Modern.az-ın əməkdaşı bu sualla psixoloq Elnur Rüstəmova müraciət edib. O bildirib ki, son dövrlər narkotik vasitələrdən, psixotrop maddələrdən, metamfetamenlərdən istifadə edən şəxslərin sayı artıb:

“Bu prosesdə ən böyük narahatlıq doğuran məqam zərərli vərdişlərdən asılı olan insanlar arasında yeniyetmələr, gənclər, eyni zamanda, xanımların da olmasıdır. Klassik bir təsnifat var. Əvvəl insanlar müəyyən bir yaş dövründən sonra narkotik vasitələrdən istifadə edirdilər. Daha çox kişilərdə asılılıq yaranırdı. Eyni zamanda, narkotik maddələrin çeşidləri də az idi. Bu gün isə istifadəçilərin yaş qrupunda,cinsində və narkotik vasitələrin  çeşidlərində kifayət qədər fərqliliklər var.

İnsanlar bu zərərli vərdişin qurbanına çevrilməsin deyə orta məktəblərdə, cəmiyyətdə maariflənmə işləri görülməli, sosial çarxlar çəkilməli, problem üzərində müzakirələr aparılmalıdır. Ən vacib məqam isə bu istiqamətdə valideynlərin maarifləndirilməsidir. Çünki bir qisim valideyn bu mövzuda bilgisizlik səbəbindən övladının zərərli vərdişə yoluxub-yoluxmadığını anlaya bilmir. Onların sonradan xəbəri olur və əllərindən heç bir şey gəlmir. Valideynlər diqqətli olmalı, uşaqlarında qeyri-adekvat davranış, yanaşma görsələr, içlərində narkotik aludəçiliyi ilə bağlı qorxu yaransa, test verə bilərlər. Həmin narkotik testləri imkan verir ki, insanın zərərli vərdişlərdən istifadə edib-etməməsi müəyyənləşdirilsin, hansı maddədən istifadə etdiyi belə müəyyən olunur.

Sonrakı mərhələdə mütləq şəkildə dərman müalicəsi və psixoloq dəstəyi olmalıdır. Bu prosesin aradan götürülməsin də psixoloq dəstəyi vacibdir”.


Psixoloq bu cür aludəçilik zamanı valideynlərin nə etməli olduğuna da aydınlıq gətirib:

“Bununla bağlı qızıl qaydalar  var. Valideyn  ilk növbədə uşağın asudə vaxtını necə keçirdiyinə diqqət ayırmalıdır. İkinci məqam uşağı kiminlə oturub-durur, onun ətraf mühiti necədir - bunu nəzərə almalıdır. Üçüncü ən vacib məqam isə övladının cibində nə qədər xərclik olmasıdır?

Bu məsələlər çox önəmlidir və diqqət mərkəzində olmalıdır. Müasir dövrdə mühitin insanlara çox böyük təsiri olur.

Biz hər zaman şahidi oluruq ki, narkotikdən asılı olan yeniyetmə və gənclər arasında kifayət qədər yaxşı ailədə böyüyən uşaqlar olur. Bir müddət sonra ailə və uşaq bir-birilərinə çox zidd görünür. Yaxşı ailə tərbiyəsi görən uşaqları pis mühit öz təsir dairəsinə salır. Bu, cəmiyyətdə böyük problemlərə yol açır. Biz illədir narkotik aludəçisi olan insanlarla çalışırıq, onların sadəcə bir arzusu olur - “kaş, bu yola düşməzdim” deyirlər. Gənclərimizində gələcəkdə bu sözü deməməsi üçün hər bir vətəndaş bu istiqamətdə çox ciddi işlər görməlidir”.

Bəs ailə üzvlərində narkotik aludəçisi olan şəxslər özünü necə qorumalıdır?

“Ailə başçısının narkotik aludəçisi olması daha böyük bir bəladır. Bu cür ailələr çoxdur. Həmin ailələrdə böyüyən uşaqlar daha çox risk qrupuna daxil olur. Narkomaniyaya meyilli olan ailələrdə ən böyük problem daxili konfliktlər, uşaqların təhsildən yayınmasıdır. Biz deyə bilmərik ki, valideyn narkotik istifadə edir, uşaqda istifadə edəcək - xeyr, bu belə deyil. Bəzən uşaqlar bu cür pis vərdişlərdən uzaq dura bilirlər, lakin cəmiyyətdə özlərini şəxsiyyət kimi tapmaqda çətinlik çəkirlər”.

Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı