Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kiyev və Xarkovdakı obyektlərə, həmçinin Odessa yaxınlığında quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bildirib.
Modern.az xəbər verir ki, nazirliyin açıqlamasında Kiyevdəki 6 saylı istilik-elektrik mərkəzinin vurulduğu qeyd olunub. Rusiya tərəfi həmin obyektin hərbi logistikanı təmin etdiyini iddia edib.
Nazirlik həmçinin Xarkovun “Proton” sənaye zonasındakı silah komponentləri istehsal edən sexlərin, eləcə də PUA-ların yığılması və saxlanılması üçün istifadə olunduğu bildirilən məkanların hədəfə alındığını açıqlayıb.
Rusiya tərəfinin iddiasına görə, Odessadan 18 kilometr cənubda vurulan quru yük gəmisi Ukrayna Silahlı Qüvvələri üçün yüklər daşıyıb.