Modern.az

Milli Qəhrəman anası: “Ağıllarına gələn məlumatlar yazmasınlar” - MÜSAHİBƏ 

Milli Qəhrəman anası: “Ağıllarına gələn məlumatlar yazmasınlar” - MÜSAHİBƏ 

Aktual

15 İyul 2021, 13:54

Sosial şəbəkələrdə Qaxda yaşayan şəhid ailələrinə rayon İcra Hakimiyyəti tərəfindən hörmətsizlik və laqeydlik göstərildiyi barədə məlumatlar yayılıb. 

Qaxdan olan Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə xanım Modern.az-ın əməkdaşı ilə söhbətdə sosial mediada yayılan informasiyalara münasibət bildirib.

- Şəhid anası olmaq, şərəfli olduğu qədər də hər ananın daşıya bilməyəcəyi ağır bir yükdür. Vətən üçün həyatını qurban verən bir qəhrəman anası kimi,  torpaqlarımızın işğaldan azad edildiyi barədə xəbərləri necə qarşıladınlz?

- 44 günlük müharibədə baş verənlər  bir şəhid anası kimi məni  söyləyə bilməyəcəyim  qədər qürurlandırdı, oğullarımızın qanı yerdə qalmadı. Cənab prezident Şuşanın alınması xəbərini verəndə məhləmdən  bir  nar budağı qırdım və bayrağı ona asdım.  Maşınla o bayraq əlimdə Qaraçuxurdan Şəhidlər  xiyabanınadək  getdim.  Oğlumun məzarına da getdim, dedim ki, ruhun şad olsun bala, Vətən artıq azaddır, rahat uyu. Gənclərimizin  bayrağımız əllərində sevinc şüarları səsləndirdiyini  görəndə  çox fərəhləndim.  Bizə bu sevinci yaşadan isə pezidentimiz və haqqı ödənməz əsgər balalarımız idi.  O gün bir daha anladım ki, oğlum boşuna ölməyib,  vətən üçün can verib.  Bütün şəhid analarına səbr diləyirəm. 

- Şəhidlərimizin valideyinləri, doğmaları  bizə, hər bir Azərbaycan vətəndaşına  onların ən böyük əmanətlərindən biridir. Necə qoruyuruq bu əmanəti -  xalq,  dövlət və təbii ki, vətəndaş olaraq?

- Prezidentimiz hər zaman çıxışlarında vurğulayır ki, şəhid və qazi ailələrini incitməyin. Xalqımdan da, dövlətimdən də razıyam, hara getsəm məni hörmətlə qarşılayıblar və düşünürəm ki, tək mənə yox,  bütün şəhid ailələrinə hörmətlə yanaşılır. 


- Son zamanlar sosial şəbəkələrdə bəzi şəxslərin Qax rayonunda şəhid ailələrinə həssas münasibət göstərilmədiyi barədə məlumatlar yayılır. Siz Qax rayonunda yaşayan bir şəhid anası kimi belə məlumatlara necə yanaşırsınız? Bu məlumatlar  nə dərəcədə həqiqətə uyğundur ?


- Bu məlumatlar düzgün deyil. Mən bir Milli Qəhərman anası kimi  rayondakı şəhid ailələri ilə tək-tək görüşəcəm. Dəfələrlə Qax rayon İcra Hakimiyyətində olmuşam, qulluğumda durublar, hörmətlə qarşılayıblar. Əlbəttə ki digər şəhid ailərinədə də qayğı göstərilir. Bu danılmaz faktdır.

- Bütövlükdə  şəhidlərimiz və onların ailələri ilə  bağlı həqiqətə uyğun gəlməyən məlumatlar yayan, xalqımızın, dövlətimzin şəhidlərimizin xatirəsinə onların doğmalarına olan həssas münasibətlərdən sui-istifadə edənlərə nə demək istəyərdiniz?

- O yalan məlumatı yayanlara demək istəyirəm ki, siz Azərbaycanın vətəndaşısınız, vətən uğrunda canını verən oğulların zəhmətini itirməyin. Saxta məlumat yazanlar müharibə dövründə harada idilər,  niyə bir yaxşı məlumat yazmırdılar? O insanlar özünü azərbaycanlı adlandırırsa, belə məlumatlar yaymamalıdırlar. Gəlib qapımızı döysünlər, bir desinlər ki, ay analar necə dözürsüz bala dərdinə? Yoxsa ağıllarına gələn yalan məlumatlar yazmasınlar. 

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?