ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 ədəd PAC-3 raketinin və əlaqəli avadanlıqların 2,1 milyard dollar dəyərində satışını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqonun müvafiq qurumu məlumat yayıb.
Bildirilib ki, satınalma tamamilə ABŞ-nin tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Raketlərin dəyəri Kanada, Almaniya və Norveçin ayırdığı vəsait, eləcə də Avropa İttifaqının krediti hesabına ödəniləcək.
Vaşinqtonun məlumatına görə, razılaşma Ukraynanın hava və raketdən müdafiə imkanlarını gücləndirməklə yanaşı, ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə də xidmət edəcək.
Raketlərin tədarükünü ABŞ-nin hərbi sənaye şirkəti “Lockheed Martin” həyata keçirəcək. Qeyd olunub ki, razılaşma ABŞ hərbi qüvvələrinin döyüş hazırlığına təsir göstərməyəcək və Ukraynaya əlavə amerikalı hərbçi və ya podratçıların göndərilməsini tələb etməyəcək.
ABŞ administrasiyası qərarla bağlı Konqresi məlumatlandırıb. Qanunvericilərin razılaşmanı nəzərdən keçirmək və bloklamaq üçün 30 gün vaxtı var.