İyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransı keçirilib. Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təskilat olan Qoşulmama Hərəkatının fəaliyyətindən danışaraq, qurumun təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsinin dayandığını qeyd edib. Bildirib ki, mürəkkəb qlobal çətinliklər Hərəkatın əhəmiyyətini daha da artırıb.
Ölkəmizin 10 il əvvəl Qoşulmama Hərəkatı ailəsinin üzvü olması, qısa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazanması 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədr seçilməsinə səbəb oldu.
Bu, Azərbaycan Respublikasının beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına bariz nümünədir. Ölkəmiz 2019-cu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və böyük bir nüfüzlu təşkilata rəhbərliyi öz üzərinə götürdü. Zirvə görüşündə cənab Prezident bir daha vurğulamışdı ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq.
Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik dövrü üçün müfəssəl və ambisiyalı fəaliyyət planı qəbul etmişdir. COVID-19 pandemiyasının dünyanı bürüməsi ölkəmizdə də bəzi çətinliklər yaratdı. Amma buna baxmayaraq, ölkə rəhbərliyinin çevik və adekvat fəaliyyəti Hərəkatın beynəlxalq səviyyədə səmərəli iş aparmasına nail oldu.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib ki, bunlar da ümumdünya səviyyəsində təqdir olunub.
Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsinfə şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və təbii ki, Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.
2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul edib. Vətən müharibəsi zamanı - 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub. Bu sənədlərdə Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə edib.
Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi Azərbaycanın beynəlxalq aləmdə öz sözünü deməsində əhəmiyyətli rol oynayıb.
44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi.
Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Cənab prezidentin vurğuladığı kimi Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.
Cahani Nüsrətzadə,
Kənd Təsərrüfatı Nazirliyinin Doktorantı
Lerik rayonun fəal gənci