Modern.az

Qarabağ, yalnız QARABAĞ...

Qarabağ, yalnız QARABAĞ...

Aktual

17 İyul 2021, 09:30

Dünyada pandemiyanın şəkildən-şəklə, cilddən-cildə düşdüyü, insanları qorxu və təhdid halına saldığı, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin sürdüyü zamanda  Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür, çünki dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində onların mənzil və avtomobillə təmin olunmasına xüsusi diqqət yetirilir. İndiyədək 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir.7200 müharibə əlili avtomobillə təmin olunub.

 

İyulun 14-də Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində  şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edildi. 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksində insanların  rahat yaşaması üçün bütün imkanlar yaradılıb, şərait çox yaxşıdır.  Kompleksin ərazisində uşaqların rahatlığını, istirahətini və dərin biliklərə yiyələnməsini təmin etmək, onların bacarıq və istedadlarını aşkarlamaq üçün hərtərəfli şərait olan 624 yerlik  məktəb və 140 yerlik uşaq bağçası da inşa olunub, fəaliyyətə  tam hazırdır. Məktəbdə yaradılan şərait Azərbaycan dövlətinin təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, o cümlədən yeni məktəb binalarının inşasına, mövcud olanların əsaslı şəkildə yenidən qurulmasına, təlim-tədris prosesinin ən yüksək səviyyədə təşkili məsələsinə göstərilən diqqəti əyani şəkildə nümayiş etdirir. 

 

Xalqın sevimli lideri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  şəhid ailələrinin və müharibə iştirakçılarının mənzil və avtomobillə təmin edilməsi mərasimində  yaddaqalan, məzmunlu çıxış söyləyib, səmimi söhbətlər aparmışdır.

 

Dövlət başçısı   çıxışında demişdir ki, prezident olduğu 18 il ərzində şəhid ailələri ilə  çoxsaylı görüşlər keçirib,  onlara  mənəvi dəstək verib, məişət problemlərini həll edib. Amma məişət problemlərindən daha vacib məsələ - şəhidlərin qisasının alınması olub.  44 günlük müharibədə qələbə qazanaraq bütün şəhidlərimizin qanını aldıq. Şəhid ailələri  təsəlli tapa bilərlər.

 

Azərbaycanda aparılan siyasətin ən humanist, ən ədalətli və vicdanlı siyasət olduğunu qeyd edən Prezident İlham Əliyev hədəfə düzgün vuran açıqlamalar və mesajlar vermişdir: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.

 

7 iyul 2021-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında da “Dağlıq Qarabağ” ifadəsi işlənməmişdir. Adıgedən fərmana nəzər salsaq, buna şahid ola bilərik:

 

“Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.

 

... 1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)...

 

Azərbaycan Prezidentinin qətiyyətli bəyanat və mesajları bədnam qonşuları və havadarlarını təşvişə salır.  Şərqi Zəngəzur iqtisadi zonasının  yaradılması Ermənistanı isterikaya salıb, Şərqi Zəngəzur bizim tarixi torpağımız olduğu kimi, Qərbi Zəngəzur da bizim tarixi torpağımızdır və onu  kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Üçtərəfli 10 noyabr Bəyanatında bütün qaçqınların öz doğma torpaqlarına qayıdılması göstərilir.   Azərbaycan Prezidenti də qarşılıqlı razılaşmaya əsaslanaraq əminliklə söyləyib: “ Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə.

 

Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”.

 

Azərbaycan xalqı Prezidentinə, Ali Baş Komandanına inanır və həmin günlərin tez yetişməsi üçün siyasi birlik, sağlam düşüncə, əməli fəaliyyət nümayiş etdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?