Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. İyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bu qəbildən olan insanlara diqqət və qayğının növbəti təzahürüdür. İndiyədək həmin insanlara maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təmin olunması, müalicəsi, həyat tərzinin yaxşılaşdırılması, eyni zamanda, Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, bir çox sosial proqramlar da həyata keçirilib.
Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin ildən-ilə təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mütəmadi iş aparılır.
Xocasəndə inşa olunan 15 ədəd doqquzmərtəbəli binadan ibarət 810 mənzilli yaşayış kompleksi mərhələli şəkildə şəhid ailələrinə və müharibə əlillərinə paylanılacaq. Göründüyü kimi, Vətən uğrunda canından keçən və sağlamlığını əsirgəməyənlər heç zaman unudulmur. İndiyədək, ümumiyyətlə, 7200 müharibə əlilinə avtomobilin hədiyyə olunması da bundan xəbər verir. Bu il onlara daha 150 avtomobilin verilməsi nəzərdə tutulub. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının məşğulluq məsələləri də diqqət mərkəzindədir. Son 6 ayda bu qəbildən olan insanların 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. Koronavirus pandemiyasının hələ də fəsadlar törətdiyi bir vaxtda ölkəmizdə sosial layihələrin həyata keçirilməsi insan amilinə verilən dəyərin göstəricidir.
Koronavirusun bir çox ölkələrdə iqtisadi-maliyyə çətinlikləri yaratmasına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində indiyədək heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, sosialyönümlü layihələrin sayı və coğrafiyası daha da genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Həyata keçirilən sosial xarakterli layihələr arasında şəhid ailələri və qazilərin həyat səviyyəsinin daha da yüksəldilməsinə xüsusi diqqət göstərilir. Xocasən qəsəbəsində bu qəbildən olan insanlara, onların ailə üzvlərinə mənzillərin və avtomobillərin təqdim olunması ilə əlaqədar keçirilən tədbir bunu bir daha təsdiqləyir.
Dövlətimizin başçısı qeyd etdi ki, son illər şəhid ailələri və qazilərin həyat tərzinin daha da yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb: “Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il, 2020-ci ildə bu istiqamətdə ən böyük göstəriciyə nail olduq – 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük”.
Həssas təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsinin davam etdiriləcəyini bildirən ölkə Prezidenti diqqətə çatdırdı ki, bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək. Yeni yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin edilir. Bütövlükdə, indiyədək 7200 avtomobil verilib.
Müzəffər Ali Baş Komandan Ermənistana və onun havadarlarına mesaj da göndərdi. Bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir: “Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir”.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru