“Qurban bayramınız mübarək! Görüşə razılıq verdiyinizə görə sizə təşəkkür edirəm. Allaha şükür ki, koronavirusdan sonra əlaqələrimiz bərpa olunur”.
Modern.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Putinin sözlərinə görə, Rusiya Azərbaycan iqtisadiyyatında lider yerlərdən birini tutur:
“Hökumətlərarası komissiya fəal şəkildə çalışır. Orada əməkdaşlıq üçün çoxlu istiqamətlər var. Yaxın vaxtlarda biz Bakıya geniş nümayəndə heyəti göndərməyi planlaşdırırıq. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Bura sənaye, nəqliyyat, infrasturktur və digər məsələlər daxildir”.
Rusiya lideri, həmçinin bildirib ki, ölkəsi koronavirusla mübarizədə Azərbaycanla fəal əməkdaşlıq edir: "Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik".
O, eyni zamanda vurğulayıb ki, Bakı və Moskva Azərbaycanda COVİD vaksini istehsalına başlamaq üzərində çalışır.
Putin, həmçinin qeyd edib ki, 100 min dozadan çox Rusiya istehsalı olan koronavirus əleyhinə peyvənd artıq Azərbaycana çatdırılıb.