İyulun 23-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qax rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Ağdaş rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Qəbələ rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Birlikdən Modern.az-a bildirilib ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Zaqatala Qaz İstismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər.
Qeyd edək ki, vətəndaş qəbulu baş direktorun instaqram səhifəsində canlı yayımlanıb. Həmçinin baş direktor vətəndaş qəbulundan dərhal sonra rəsmi feysbuk səhifəsindən canlı yayım edərək sosial şəbəkə izləyicilərinin də suallarını cavablandırıb. Abonentlərdən daxil olan müxtəlif müraciətlərə baxılıb. Birliyin müvafiq struktur rəhbərləri də canlı yayıma qoşularaq vətəndaşların qazlaşma, texniki təhlükəsizlik və sair mövzularda ünvanlanan suallarını operativ cavablandırıblar.