“Azərbaycanın Opera və Balet Teatrı bugünkü tələblərə cavab vermir. Şəhərin mərkəzində texnologiya baxımından müasir Opera və Balet Teatrı tikilməlidir”.
Modern.az xəbər verir ki, görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev MediaTürk TV-ə açıqlamasında bu təkliflə çıxış edib.
Onun sözlərinə görə, hazırda təmir olunan teatr binası gələcəkdə ya muzey, ya da ikinci dərəcəli teatr kimi istifadə oluna bilər.
Musiqiçi indiyə qədər yazdığı 3 baletin – “Oğuznamə”, “Tufan”, “Qızıl irmak”ın nə Türkiyə, nə də Azərbaycanda səhnəyə qoyulmamasının səbəblərindən də danışıb. C.Quliyev bildirib ki, əsərlərini hər iki ölkədə Opera və Balet Teatrlarına təqdim etsə də hələlik səhnələşdirilmək növbəsini gözləyir. Hazırda “Dədə Qorqud” baleti üzərində işlədiyini deyən bəstəkar böyük ehtimalla bu balet üzərində işə fasilə verəcəyini, maraqlı bir mövzuda opera yazacağını deyib.