Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Ramiz Cəfərovun qızı Nigar Cəfərova işğaldan azad olunan Şuşanı - atasının şəhidi olduğu şəhəri ziyarət edib.
Səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşən şəhid qızı Şuşada duyğusal anlar yaşadığını söyləyib:
“Atamı 17 yaşımda itirdim. Arzu edirdi ki, torpaqlarımız alınsa, Şuşaya səfər edək. Atam şəhid olduqdan sonra Şuşanı ziyarət etməyi özümə vəzifə bildim. Şükürlər olsun ki, mənə şərait yaradıldı, həm atamın arzusunu, həm də vəzifəmi yerinə yetirdim. Şuşada kədərli və sevincli anlar yaşadım. Atamı itirmiş ola bilərəm, amma torpaqlarımızı qazanmışıq. Elə bir şəxsiyyətin qızı olmaq izah edilməyəcək qədər qürurlu bir hissdir. Ora ayaq basanda atamın yanımda olduğunu hiss etdim. Torpaqları şəhidlərimiz, qazilərimiz azad etdi, onların qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
Məlumat üçün bildirək ki, Nigar Cəfərova Polşada ali təhsil alır.

Qeyd: Cəfərov Ramiz Sübhan oğlu 1974-ci il dekabrın 10-da Ukranyada anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi liseydə və Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində təhsil alıb.
XTQ-nin təcrübəli zabiti Vətən müharibəsində böyük şücaət göstərib. O noyabrın 6-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Vəfatından sonra “ Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmsına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “ Vətən Müharibəsi Qəhrəmanı” medalları ilə təltif olunub.
R.Cəfərov ailəli idi, 4 qız və 1 oğul övladı yadigar qalıb.
Humay İsgəndərova