Altı ay əvvəlki ilə bugünkü Şuşa arasında böyük fərq var. Şuşada abadlıq işləri aparılır, bir sıra iaşə obyektləri tikilir.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.
“Şuşada ilk olaraq Prezidentin xüsusi nümayəndəliyinin, Dövlət Qoruğu İdarəsinin yaradılması, Şuşanın dövlət qoruğu elan edilməsi, Azərbaycan ilə qardaş Türkiyə arasında Şuşa Bəyannaməsinin bu tarixi şəhərimizdə imzalanması Prezident İlham Əliyevin Şuşaya xüsusi önəm verdiyini əyani şəkildə göstərir", - deyə Məftun Abbasov bildirib.
Sədr qeyd edib ki, artıq “Zəfər yolu”nda da tamamlanma işləri gedir.
"Şuşanın partlamamış silah-sursat və minalardan təmizlənməsi istiqamətində işlər aparılır. Yaxın vaxtlarda bu proses yekunlaşacaq. Şuşanın qapısı şuşalılara açıqdır. Bura səfərlər təşkil olunacaq. Biz bu səfərlərdə əsasən yaşlı nəslin nümayəndələrinə üstünlük verəcək, sonra yavaş-yavaş cavan nəslin nümayəndələrinin də səfərlərini təşkil edəcəyik”.