Tokiodakı Milli Olimpiya Stadionunda XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, XVI Yay Paralimpiya Oyunlarında 160 milli komandadan, o cümlədən qaçqınlar yığmasından təqribən 4400 idmançı mübarizə aparacaq. Butan, Qrenada, Maldiv, Paraqvay, Sent-Vinsent və Qrenadin komandaları Oyunlarda ilk dəfə iştirak edir.
Açılış mərasimində əvvəlcə Yaponiyanın dövlət bayrağı tanınmış yerli paralimpiyaçılar tərəfindən meydana gətirilib. Özünümüdafiə qüvvələrinin qoşun növlərinin nümayəndələri dövlət himninin müşayiəti ilə dövlət bayrağını qaldırıblar.

Azərbaycanın Paralimpiya yığmasının keçidi zamanı bayrağımızı Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev aparıb. Ölkəmizin heyəti parada yaxalarında 44 günlük Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbül nişanı ilə çıxıb.
İdmançıların paradı Yaponiya paralimpiyaçılarının keçidi ilə başa çatıb. Çıxışlardan sonra Yaponiya İmperatoru Naruhito XVI Paralimpiya Oyunlarını açıq elan edib.
Qeyd edək ki, XVI Paralimpiadanın proqramında idmanın 22 növü yer alıb. Proqrama parabadminton və parataekvondo ilk dəfə salınıb. İdmançılar ümumilikdə 539 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov koronavirusa yoluxduğuna görə yarışlardan kənarlaşdırılaraq karantinə alınıb. Paralimpiyaçılarımız “Tokio-2020”yə idmanın 6 növü üzrə 47 lisenziya qazanıblar. Atletlərimizin 23-ü kişi, 12-si qadındır.
İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar. Yarışlara komandamızdan ilk olaraq avqustun 26-da pauerliftinq üzrə milli komandanın üzvü Pərvin Məmmədov qoşulacaq.
XVI Yay Paralimpiya Oyunlarına sentyabrın 5-də yekun vurulacaq.