Quba rayonu, Susay kəndinin əski yerd-yurd ocaqları Susayçay çayının sağ sahilində salınmış, tarixin bir çox hadisələrinin şahidi olmuş, 300-dən çox evi, 4500-5000 nəfərə yaxın əhalisi 1918-1920-ci illərdə rus-hay(daşnak) silahlı birləşmələrinin qanlı-qadalı hücumlarına məruz qalmışdır. Yüksək dağlıq, meşəli-kollu yamaclar, çılpaq-parçalanmış qayalıqlar, dərin çay dərələri... boyunca açıq-təbii səngərlərdə mənfur düşmənlərə qarşı yerli müdafiə dəstələri (Susay, Qımıl, Gəray, Alpan, Küsnət, Küsnətqazma... kəndlərinin 400-500 nəfərlik könüllüsünə Susay kəndindən Ostabəy Balabəy oğlu (1864-1936) başçılıq etməklə yanaşı, həm də onları atla, silah-sursatla təmin edib), Azərbaycan Milli Ordusunun piyada-süvari bölmələri və 5-ci Qafqaz İslam Ordusunun (Nuru paşa (1890-1949) başda olmaqla) nizami tağım-alay üzvləri, əsgər və zabit heyəti mərdliklə döyüşmüşlər.
Kəndin üstündə, 1 km aralıda “Pirin düzü” deyilən açıq sahədə Osmanlı Türk ordusu bölmələrinin qurduqları düşərgə həm də təlim mərkəzi olmuş, könüllülər ora cəlb olmuşlar. Susay çayının sağ sahilində, kəndin alt hissəsindəki “Qoşun qırılan” düzəngah isə qanlı döyüşlərin getdiyi ərazi kimi el arasında tarixi xatirə ocağıdır.
Həmin dövrdə belə döyüşlərin birində Susay-Alpan döyüş xəttində Osmanlı Türkiyəsinin zabiti Susay kəndinin qərbində, “Canqulu meşəliyi”nin ətəklərində, “Qəlal dərəsi”nin üstündəki “Veysəl Qara ocağı”ndakı “Qərabi qəbirsatnlığı”nda (indi bu yerdən Xınalıq kəndinə gedən yol uzanır) öz atı ilə birlikdə Şəhid olmuş və orada dəfn edilmiş, üstünə balaca daş qoyularaq uzun illər qorunub saxlanılmışdır.
Susay kəndinin yaşlı sakinlərindən Dəstina Sərdar qızı (1892-1996), Mövsüm Yusif oğlu (1898-1986), Sirac Yusif oğlu Bədirxanov (1890-1985), Tükəzban Məmmədova (1845-1959), Balabəy Ostabəy oğlu (1891-1986), Tapdıq Sərdar oğlu (1915-2007), Qeybulla Şıxzadə oğlu (1925)...Türk əsgər-zabit tağımının kənddə qarşılanması, düşmənə qarşı vuruşmaları barədə dəyərli tarixi məlumatlar vermişlər. Bu barədə kənd kitabxanasının işçisi Nazim Qərib oğlu Pəncəliyev də (1956-2018) 1970-1980-ci illərdə şahidlərdən bilgilər əldə etmişdir.
Şəhid Türk əsgərinin məzarı əslən bu kənddən olan N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti Aydın Səfərbəy oğlu Ələkbərov (1959) və onun həmkarı Ziyəddin Məmmədovun (əslən Qazax rayonu, Kosalar kəndindəndir) təşəbbüsü və maliyyə vəsaiti hesabına 2010-cu ildə bərpa edilmiş, üstünə baş daşı lövhəsi qoyulmuş, dəmir çərçivəyə alınmışdır.
2018-ci ildə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral və Quba rayon İcra Hakimiyyəti nümayəndələri yenilənmiş məzarı ziyarət etmiş, üzərində inşa edilmiş mərmər baş və sinə daşının açılışı olmuşdur. Baş daşında nəqş edilib:
- “1918-ci ildə Azərbaycanda dövlətçiliyin qurulması uğrunda gedən döyüşlərdə Şəhid olmuş Türk əsgərinin məzarı”.
(Yazının hazırlanmasında həm də Quba rayonu, Susay kənd sakinləri Ziyafəddin Sirac oğlu Bədirxanovun (1959), Arif Mövsüm oğlu (1956) və Kərəm Kəlməddin oğlu Şıxbalayevin (1968) məlumatlarından istifadə edilmişdir).
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)