Modern.az

“Çox istərdik ki, İranla hər hansı problemimiz olmasın” - Deputat

“Çox istərdik ki, İranla hər hansı problemimiz olmasın” - Deputat

Aktual

21 Sentyabr 2021, 12:03

“Təəssüf ki, İran bəzi hallarda dostluq münasibəti sərgiləmir. Hər halda bu məsələlərin kökündə faktlar dayanır. Bu faktlar həm hakimiyyəti, həm də Azərbaycan cəmiyyətini narahat edir”

 

Bu sözləri Modern.az-a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

 

İrana məxsus yük maşınlarının Gorus-Qafan yolundan keçməklə Ermənistana qanunsuz yük maşımaları və qonşu ölkənin sərgilədiyi xoşagəlməz münasibətdən söz açan deputat bu cür halların qəbuledilməz olduğunu bildirib:

 

“İranın rəsmi hakimiyyətindən Azərbaycanın 44 günlük müharibədə qalib olması səbəbi ilə çoxlu təbriklər gəlmişdi. Təəssüf edirik ki, bəzi hallarda heç də dostluq münasibətinə uyğun gəlmiyən addımlar görürük. İran şirkətləri Azərbaycanın ərazi bütövlüyünü pozaraq Ermənistan ərazisindən Laçın dəhlizi vasitəsi ilə Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçirlər. Bundan əlavə, İranın Azərbaycandakı keçmiş səfiri öz məqaləsində heç də dostluğa uyğun olmayan fikirlər bildirir. Bu cür hallar qəbuledilməzdir”.

 

Parlamentarinin sözlərinə görə, sülhməramlıların nəzarəti altında olan ərazilərdə avtomobil intensivliyinin artması Azərbaycanı ciddi narahat edir. İran hakimiyyəti bu məsələlərə diqqət etməlidir.

 

“Azərbaycan İranla həmişə mehriban qonşuluğun olmasına çalışır. Bu istiqamətdə ancaq müsbət nümunələr göstərir. Bu gün İran maşınlarının rus sülhməramlılarının nəzarəti altında olan ərazilərə naməlum yüklər daşıması və avtomobillərin intensivliyinin artması Azərbaycanı çox ciddi narahat edir. Bu məsələlər barədə Azərbaycan İran tərəfə öz mövqeyini bildirib. Çox istərdik ki, İran bu məsələ ilə bağlı ciddi addımlar atsın və qonşu ölkə ilə hər hansı bir problemimiz olmasın. Bu məsələlərin nələrdən qaynaqlandığını deyə bilmərəm. Amma hər halda ortada olan faktlar var. Bu faktlar həm hakimiyyəti, həm də Azərbaycan ictimaiyyətini narahat edir”.

 

Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı