Ötən il sentyabrın 27 də başlayan və 44 gün davam edən “Dəmir yumruq” hərəkatı Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri və biricisidir. Bu zaman kəsiyində Azərbaycan ordusu dövlətimizin qüdrətini, qəhrəman oğullarımızın döyüş qabiliyyətini və Vətən naminə misilsiz fədakarlıqlarını, xalqımızın monilit birliyini və bu birliyin, gücün təməlində dayanan milli siyasi iradəni ortaya qoydu.
Bunu Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Onun sözlərinə görə, işğalçıya sarsıdıcı zərbə vuran başlıca amil Azərbaycan xalqının birliyi, ədalətli mövqeyi və yüksək vətənpərvərlik ruhunun “dəmir yumruq”da birləşməsi, vahid milli iradəni ifadə etməsidir:
“Vətən müharibəsi zamanı siyasi partiyaların, ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin Ali Baş Komandan İlham Əliyevə dəstəyini ifadə edən birgə bəyanat və müraciətləri imzalamaları milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını nümayiş etdirdi”.
Deputat bildirib ki, döyüş meydanında qazandığımız zəfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən ölüm-dirim savaşında misilsiz qəhrəmanlıqlar göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə yorulmadan çalışan mülki vətəndaşlarımızın, yüksək əzm və iradə, sarsılmaz birlik nümayiş etdirən xalqımızın yüksək vətənpərvərlik ruhunun, vətənə, torpağa, milli-mənəvi dəyərlərinə olan sevgisinin, sədaqətinin nəticəsidir:
“Əldə etdiyimiz Böyük Qələbənin memarı, illərdən bəri səbrlə dövləti, xalqı ədalətin bərqərar ediləcəyi günə hazırlayan, müqəddəs Zəfərə aparan yolun hər qarışının təməlini atan, hərbi sahədə olduğu kimi, diplomatiya və informasiya savaşında da yüksək liderlik bacarığı nümayiş etdirən Ali Baş Komandan Prezident İlham Əliyevdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu”.
A.Kərimli qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq işlərinin intensivliyi bizi gələcəyə daha böyük ümidlərlə baxmağa sövq edir:
“Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə özünün tarixi hədəflərinə doğru inamla irəliləyir. 27 sentyabrdan başlayan hərəkat bu gün də eyni qətiyyətlə, əzmlə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirlən quruculuq işlərində də özünü büruzə verir. Əldə etdiyi qələbə ilə bölgədəki reallıqları dəyişən dövlətimizin həyata keçiridiyi layihələr regiona davamlı sülhün gəlməsinə, xalqların təhlükəsiz bir şəraitdə, rifah içində yaşamalarına xidmət edir”.