All Baş Komandan cənab İlham Əliyev oktyabrın 3 də Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsindən düz 1 il sonra bu qəsəbəyə səfər etdi. Çıxışı zamanı cənab İlham Əliyev Suqovuşanın azad edilməsinin Vətən Müharibəsində qələbəmizə təkan verdiyini xüsusi vurğuladı. Suqovuşan coğrafi cəhətdən elə bir ərazidə yerləşir ki, bu qəsəbənin işğaldan azad edilməsi hərbiçilərimizin gələcək hərbi əməliyyatlarında üstünlük qazanmasına çox kömək göstərmişdir. Suqovuşanın işğaldan azad edilməsi digər ərazilərdə vuruşan əsgərlərimizə çox böyük ruh vermiş oldu.
Cənab İlham Əliyev çıxışında Suqovuşan və Talış kəndlərinin eyni gündə azad edilməsində Azərbaycan Ordusunun böyük fədakarlıq göstərməsini xüsusi vurğuladı. Suqovuşan və Talış kəndlərində ermənilər 30 il ərzində çox güclü istehkamı qurmuşdu. All Baş Komandan cənab İlham Əliyevin peşəkar hərbi yanaşması və Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti nəticəsində Suqovuşan və Talış kəndlərinin azad edilməsi müharibənin ilk həftəsində qazanılan çox əhəmiyyətli qələbə idi. Bu kəndlərin azad edilməsi strateji baxımdan da çox böyük əhəmiyyət kəsb edirdi.
Suqovuşanın azad edilməsinin bir əhəmiyyəti də ondan ibarətdir ki, bu qəsəbədə Suqovuşan su anbarı yerləşir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Suqovuşan su anbarı hələ Sovetlər İttifaqı dövründə respublikamızda kənd təsərrüfatının inkişafına böyük təkan verirdi. Bu su anbarı keçmiş "Dağlıq Qarabağ " və ətraf rayonların torpaqlarının suvarılmasında əvəzsiz rol oynayırdı. İşğal dövründə mənfur ermənilər yay mövsümündə su anbarını bağlayır, qışda suyun bol vaxtında açardılar.
Bu da yaxın ərazidə yerləşən rayonlarımızın əkin sahələrini yararsız vəziyyətə salırdı.
Ölkə başçısı Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsinin hərbi əhəmiyyəti barədə ətraflı məlumat verdi. Bu qələbə ordumuzda yüksək əhval-ruhiyyə, düşmən tərəfdə isə böyük təlaş yaratmış oldu. Artıq erməni hərbiçiləri də başa düşdülər ki, Azərbaycan Ordusuna müqavimət göstərmək mənasızdır. Qorxuya düşən Ermənistan ordusunda fərarilik baş alıb gedirdi. Bunun qarşısını almaq üçün erməni tərəfi yalan informasiya yayır, guya bizim azad etdiyimiz ərazilərin onların əlində olduğu barədə öz vətəndaşlarını aldadırdılar. Tez bir zamanda onların bu yalanlarının üstü açılırdı. Suqovuşan işğaldan azad edildikdən sonra Tərtər, Bərdə, Goranboy və ətraf rayonlarımız suvarma suyu ilə təmin olunmağa başladı. Bununla da gələcəkdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artacaq. Sevindirici hadisələdən biri də ondan ibarətdir ki, Suqovuşan 1 və Suqovuşan 2 su elektrik stansiyaları da artıq işlək vəziyyətdədir. Baxmayaraq ki, ermənilər bu su elektrik stansiyalarını tamamilə dağıtmışdılar. Bu su elektrik stansiyaları vasitəsilə bölgənin bir hissəsi yüksək səviyyədə elektrik enerjisi ilə təmin olunacaq.
Cənab İlham Əliyev Ermənistanının keçmiş prezidenti Serjik Sarkisyanın cinayətkar, xain və yaramaz əməlləri barədə də danışdı. Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan Serjikə ermənilərin özləri də nifrət edirlər. Hətta onu lağa qoyub, simasız adlandırırlar.
Cənab Prezident çıxışı zamanı Ermənistanda revanşist meyilli qüvvələrə bir daha ciddi xəbərdarlıq etdi. Əgər ermənilər bir daha Azərbaycana qarşı hər hansı təxribat törədərlərsə, dəmir yumruq bu dəfə onların başını birdəfəlik üzəcək. Vətən Müharibəsindəki Azərbaycanın dəmir yumruğu ermənilər və onların havadarlarına bir dərs olmalıdır.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor