Ermənistan baş nazirinin keçmiş müavini Suren Papikyan müvəqqəti olaraq müdafiə naziri təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti öz mənbəsinə istinadən yazıb.
“Ermənistan hökumətindəki mənbələrimizin bildirdiyinə görə, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə sırf hərbi idarədə baş verənləri anlamaq məqsədi ilə təyin edib. Fakt budur ki, Müdafiə Nazirliyinin daxilində savaş gedir. Hərbi məmurlar bu və ya digər işlərdə məsuliyyəti başqalarının üzərinə atırlar”, – deyə qəzetdə qeyd olunub.
Qəzet bildirir ki, Nazirlər Kabinetinin rəhbəri Müdafiə Nazirliyini layiqincə “silkələmək” niyyətindədir. Nəticədə bir çox rəhbərlər, o cümlədən yüksək rütbəli hərbçilər, xüsusən də Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar işdən çıxarılacaqlar.
Qeyd edək ki, Suren Papikyan Ermənistan prezidentinin 15 noyabr tarixli fərmanı ilə ölkənin müdafiə naziri təyin edilib.
Papikyanın bu təyinatından sonra boşalan baş nazirin müavini postuna Romanos Petrosyanın gətiriləcəyi gözlənilir. O, baş nazirin müavini funksiyalarını yerinə yetirməklə yanaşı, yerli hakimiyyət orqanlarına da nəzarət edəcək.
Ermənistanın "Hraparak" qəzeti yazır ki, Petrosyan həm də “qeyri-rəsmi funksiyaları” yerinə yetirəcək, yəni yerli hakimiyyət orqanlarına nəzarət edəcək.
"Düzdür, xidmətinin mahiyyətinə görə, Qnel Sanosyan bu sahəyə rəhbərlik edir, lakin bizim hökumətdəki mənbələrimizin dediyinə görə, o, siyasi göstərişlərə əməl etməyə o qədər də həvəsli deyil”.