Hazırda müşahidə olunan küləkli və yağmurlu hava şəraiti hərəkət iştirakçılarından yollarda daha diqqətli və məsuliyyətli olmağı tələb edir.
Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hava küləkli olduğu üçün sürücülər nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar:
“Yağışın yağması nəticəsində yolların bəzi yerlərində gölməçələrin yaranmasına görə sürücülər həmin ərazilərdən keçərkən elə sürət həddi seçməlidirlər ki, yağış suları səkilərdə hərəkət edən və ya yolu keçməkdə olan piyadalara, habelə binalara və başqa nəqliyyat vasitələrinə sıçramasın.
Eyni zamanda, piyadalar hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər. Ancaq səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamalı və yolları onların rahat hərəkəti üçün ayrılmış zolaqlardan və piyada keçidlərindən keçməlidirlər”.